Azərbaycan Milli İncəsənət Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmiş "Əbədi gənc Bakı" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir Azərbaycan Milli İncəsənət Muzeyinin, Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "İçərişəhər" Tarixi Muzeyinin, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə layihəsidir.
Tədbirdə məruzə ilə çıxış edən "İçərişəhər" Tarixi Muzeyinin baş mütəxəssisi Fidan Seyidova Bakının bu qədim guşəsinin tarixi və bu günü haqqında məlumat verib. Bakının, o cümlədən İçərişəhərin adının qədim mənbələrdə qeyd edildiyini söyləyən məruzəçi bildirib ki, Bakı Azərbaycanda mövcud olmuş bir sıra dövlətlərin paytaxtı, eyni zamanda. əsas şəhəri olub.
Vurğulanıb ki, açıq səma altında muzey adını almış İçərişəhər Şirvanşahlar Saray Kompleksi və Qız qalası ilə birlikdə 2000-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Məruzəçi, həmçinin ulu öndər Heydər Əliyevin İçərişəhərə verdiyi qiymətdən, bu qədim yaşayış məkanı haqqında dediyi fikirlərdən söhbət açıb.
Sonra tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyətinin ifasında konsert proqramı ilə davam edib. Konsertdə Tofiq Quliyevin, Rauf Hacıyevin, Vaqif Mustafazadənin, Fərhad Bədəlbəylinin, Faiq Sücəddinovun, Fərəc Qarayevin, Firəngiz Əlizadənin, Azər Dadaşovun əsərləri səsləndirilib.
Qeyd edək ki, tədbirdə "İçərişəhər" Tarixi Muzeyi tərəfindən hazırlanmış rəqəmli formatda "Qədim Bakıya səyahət" filmi, "Bakı - dünən, bu gün və sabah" videoçarxı təqdim edilmiş, muzeyin foyesində ümummilli lider Heydər Əliyevə həsr edilmiş fotosərgi nümayiş olunub.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB