“Heydər Əliyev və mədəni irs” kitabının təqdimat mərasimi keçirilib FOTOLAR

“Heydər Əliyev və mədəni irs” kitabının təqdimat mərasimi keçirilib FOTOLAR

Muzey Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş "Heydər Əliyev və mədəni irs" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, dövlət xadimləri, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbiri mədəniyyət və turizm naziri, kitabın ideya müəllifi Əbülfəs Qarayev açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzsiz xidmətlərindən, xüsusilə mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb: "Heydər Əliyev Azərbaycan mədəniyyətinin himayədarı olub, bu sahədə çalışanlara həmişə diqqət və qayğı göstərib. Məhz adı tarixdə əbədiləşən dünya şöhrətli siyasətçinin səyləri nəticəsində tarixən təşəkkül tapmış Azərbaycan şəhərlərinin bərpası və qorunması istiqamətində zəruri tədbirlər görülüb. Ulu öndər abidələri qorumaqla yanaşı, həm də onların sayının artması üçün daim tədbirlər görürdü. Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə görkəmli mədəniyyət və incəsənət xadimlərinin şərəfinə ucaldılan heykəllər bu gün çox möhtəşəm görünür. Bu heykəllər milli mədəni şüurumuzun qorunub saxlanılmasına xidmət etməklə yanaşı, həm də milli mədəniyyətimizin ayrılmaz hissəsinə çevrilib. Bunun əsas səbəbi isə Ulu Öndər həmişə layiqli əsərlərə dəyər verməsində idi. Heydər Əliyevin layiqli davamçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva mədəni irsin qorunması və zənginləşməsi istiqamətində böyük işlər görürlər. Hazırda paytaxtımızda və Azərbaycanın digər şəhərlərində infrastrukturun sürətli inkişafı nəticəsində çoxsaylı mədəni obyektlərin qorunması zərurəti daha da aktuallaşıb. Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev unikal abidələrin mühafizəsinin, sözün əsl mənasında qarantıdır. Dövlətimizin başçısı abidələrin ilkin görkəminin saxlanmasına yönəlmiş onlarla fərman və sərəncam imzalayıb. Ulu Öndərin ucaltdığı saysız-hesabsız abidələri, binaları, mədəni-tarixi qoruqları, möhtəşəm tikililər insanların qəlbində, talelərində yaşayacaq. Bu kitabda Ümummilli Liderimizin və onun davamçılarının tükənməz qayğısı sayəsində qorunub saxlanılan mədəni irsimizin yalnız bir qismi təqdim olunub. Xalqımızın dahi oğlu Heydər Əliyevin adı daim mədəniyyətimizin dirçəlişi ilə birgə anılacaq".

Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov təqdim olunan kitabın mədəniyyət sahəsindəki siyasətimizə xidmət etdiyini, eləcə də nəşrdə tarixi abidələrimizə ulu öndər Heydər Əliyevin münasibətinin əks olunduğunu diqqətə çatdırıb: "Ulu Öndər görkəmli şəxsiyyətlərimizə təkcə heykəllər qoymurdu, həm də tarixi bərpa edirdi. Bütün türk dünyası Ümummulli liderin mədəni irsə göstərdiyi münasibəti öyrənməlidir".

Qeyd edək ki, tədbirdə, həmçinin ulu öndər Heydər Əliyev haqqında "Azərbaycan mədəniyyətinin hamisi" adlı film də göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə