Şəkidə milli atüstü oyunlar festivalı başa çatıb FOTOLAR

Şəkidə milli atüstü oyunlar festivalı başa çatıb FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyinin Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalı keçirilib. SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşən festivalda Bakı, Şəki, Yevlax şəhərlərini, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, İsmayıllı, Ağcabədi, Ağdam, Ağstafa, Goranboy, Laçın və Xaçmaz rayonlarını təmsil edən 16 komanda iştirak edib. Bakı şəhəri festivalda "Sərhədçi" və "Polad" komandaları ilə təmsil olunub.

Təntənəli açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova çıxış edərək festivalın əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə 2006-cı ildə yaradılmış Respublika Atçılıq Turizm Mərkəzində 2007-ci ildən başlayaraq ənənəvi olaraq ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalı, eləcə də hər ilin dekabrında "Prezident Kuboku" uğrunda çövkən milli oyunu üzrə yarışlar təşkil edilir. Bu tədbirlər xalqımızın mədəni irsi olan milli atüstü oyunların qorunub saxlanması, qədim atçılıq ənənələrinin bərpası, ölkəmizdə atçılıq turizminin təbliği və inkişaf etdirilməsi məqsədi daşıyır.

Nəzərinizə çatdıraq ki, builki milli atüstü oyunlar festivalı çövkən, sürpapaq, papaq və yaylıq oyunları üzrə keçirilib.

Papaq oyunu üzrə birinciliyi İsmayıllı komandası, sürpapaq oyunu üzrə isə Ağstafa komandası qazanıb. Yaylıq oyunun qalibi Xaçmaz komandası olub.

Qeyd edək ki, çövkən milli oyunu üzrə qarşılaşmalar xüsusilə maraqlı keçib. Yarımfinalda Ağcabədi təmsilçiləri Balakən komandasına (2:1), Bakının "Sərhədçi" komandası isə "Polad" komandasına (2:0) qalib gəlib.

3-cü yer uğrunda oyunda "Polad" komandası Balakən təmsilçilərindən üstün (2:0) olub.

Mayın 7-də Ağcabədi təmsilçiləri ilə Bakının "Sərhədçi" komandası arasında final görüşündə paytaxt təmsilçiləri 5:0 hesabı ilə qazanıb.

Final oyunundan sonra festivalın təntənəli bağlanış mərasimi keçirilib. Mükafatlandırma mərasimində Mədəniyyət və Turizm Nazirliyi Aparat rəhbərinin müavini Cavanşir Cəfərov, Şəki Şəhər İcra Hakimiyyətinin və Respublika Atçılıq Turizm Mərkəzinin rəsmiləri iştirak ediblər. "Sərhədçi" komandasına festivalın kuboku, digər fərqlənən komandalara mükafatlar təqdim olunub.

Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mirvari Zeynalova festival iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətini oxuyub. Müraciətdə Azərbaycan xalqının milli-mədəni irsinin qorunması, təbliği və tanıdılması istiqamətində apardığı siyasətə görə dövlət başçısına dərin minnətdarlıq ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə