III respublika müsabiqəsinin Bakı şəhəri üzrə I turuna start verilib

III respublika müsabiqəsinin Bakı şəhəri üzrə I turuna start verilib

Bakı şəhəri Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik musiqi məktəbində Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsinin Bakı şəhər zonası üzrə I turuna start verilib. SİA-nın məlumatına görə, müsabiqədə Bakı şəhəri üzrə 150-ə yaxın ifaçı iştirak edir. Burada Bakıda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin, İncəsənət Gimnaziyasının, Bülbül adına orta İxtisas musiqi məktəbinin, Musiqi kolleclərinin, Azərbaycan Milli Konservatoriyasının şagird və tələbələri iştirak edirlər. Onların çıxışlarını Respublikanın xalq artisti, tarzən Ramiz Quliyevin sədrliyi ilə münsiflər heyəti qiymətləndirir.

Müsabiqənin açılışında Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev çıxış edərək, müsabiqə iştirakçılarına uğurlar arzulayıb. O, respublikamızda musiqi təhsilinin inkişafından, müsabiqənin əhəmiyyətindən, milli musiqi alətlərinin təbliğindən və bu sahəyə dövlət qayğısından danışaraq qeyd etdi ki, Azərbaycanın bədii təhsili sahəsində xalq çalğı alətləri ifaçılığı xüsusi əhəmiyyət kəsb edir. Vurğulanıb ki, Azərbaycanın tar ifaçılığı sənəti UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına daxil edilib.

Müsabiqənin II turu 14-15-16 may tarixlərində keçiriləcək.

Qeyd edək ki, müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi və yekun konserti Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə