Azərbaycan Dövlət Musiqili Teatrının repertuarında gedən "Evlənmə" (N.Qoqol) tamaşasında aktrisa dəyişikliyi olub. Belə ki, bundan sonra Aqafya Tixonovna rolunda, "ilin ən yaxşı aktrisası" adına layiq görülmüş Gültac Əlili oynayacaq. SİA-nın məlumatına görə, aktrisa bu rolda ilk dəfə mayın 2-də səhnəyə çıxıb. Sözügedən tamaşada Aqafya Tixonovna rolunda daha öncələr respublikanın xalq artisti Məleykə Əsədova oynayıb.
Nəzərinizə çatdıraq ki, Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Gültac Əlili, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili teatr" aktyorluğu fakültəsini bitirib.
2007-ci ildə hələ tələbə ikən Azərbaycan Dövlət Musiqili Teatrına aktrisa kimi dəvət almışdır. Gözəl vokal səsə və səhnə mədəniyyətinə malik olan aktrisa teatrda Nərgiz (R.Hacıyev, F.Zöhrabov, E.Ocaqov "Talelər qovuşanda"), Xəyalə (O.Rəcəbov, A.Babayev "Şeytanın yubileyi"), Leyla (R.Mirişli, M.Haqverdiyev "Qısqanc ürəklər"), Reyhan (R.Mirişli, M.Haqverdiyev "Amerikalı kürəkən"), Qonşu qız (S.Ələsgərov, Ş.Qurbanov "Milyonçunun dilənçi oğlu"), Gülnar (F.Sücəddinov, T.Vəliyeva "Mən dəyərəm min cavana"), Zari (İmre Kalman "İddialı qaraçı"), Çiçək (İ.Məlikzadə, S.Ələsgərov "Kələrbazlar"), Əsmər (O.Rəcəbov, A.Babayev "Əlin cibində olsun"), Bahar ( Əbdürrəhim bəy Haqverdiyev "Kimdir müqəssir") və s. kimi əsas rolların ifaçısı olub.
Qeyd edək ki, Musiqili Teatrın gənc aktrisası Gültac Əlili, "Kimdir müqəssir?" (Ə. Haqverdiyev) komediyasındakı Bahar roluna görə, 2013-cü ildə Gənclər və İdman Nazirliyinin "İlin ən yaxşı aktrisası" mükafatına layiq görülüb.

.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB