Əbülfəs Qarayev Fərəh Əliyevanı yeni təyinatı münasibətilə təbrik edib FOTOLAR

Əbülfəs Qarayev Fərəh Əliyevanı yeni təyinatı münasibətilə təbrik edib FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 may 2014-cü il tarixli sərəncamı ilə Fərəh Əliyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsinə təyin olunub. SİA-nın məlumatına görə, Fərəh Əliyevanın səkkiz ildən artıq çalışdığı Mədəniyyət və Turizm Nazirliyində təntənəli şəkildə yeni vəzifəsinə yolasalma mərasimi keçirilib. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin rəhbər işçiləri iştirak ediblər.

Nazir Əbülfəs Qarayev çıxış edərək bildirib ki, Fərəh Əliyevanın yeni vəzifəyə təyin edilməsi bütün kollektivin sevincinə səbəb olub: "Cənab Prezidentin Fərəh xanımın işinə verdiyi qiymət, onun səmərəli fəaliyyətini dəyərləndirməsi və yüksək etimad göstərməsi bizləri sevindirir. Səkkiz illik fəaliyyəti zamanı Fərəh Əliyeva Mədəniyyət və Turizm Nazirliyinin ən böyük şöbələrindən olan İncəsənət şöbəsinə rəhbərlik etmiş, kollektivin hörmətini qazanıb. O, təcrübəli kadr kimi hər zaman işinin öhdəsindən gəlmiş, bir sıra əhəmiyyətli tədbirlərin həyata keçməsində yaxından iştirak edib, təşkilatçı kimi beynəlxalq festivalların uğurla həyata keçməsində xüsusi xidmətləri olub. Təsadüfi deyil ki, səmərəli fəaliyyətinə görə onun əməyi dövlət tərəfindən yüksək dəyərləndirilib".

Fərəh Əliyevanı yeni təyinat münasibətilə təbrik edən və ona uğurlar arzulayan Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyi gələcək fəaliyyətində ona dəstək olacağını bildirib: "Mədəniyyət və İncəsənət Universiteti Təhsil Nazirliyinin balansında olsa da, bu tədris müəssisənin hazırladığı kadrlar mədəniyyət və incəsənətimizə xidmət edirlər. Düşünürəm ki, Fərəh Əliyevanın bu təhsil ocağına rəhbər təyin edilməsi qarşılıqlı əlaqələrimizi daha da möhkəmləndirəcək. Fərəh Əliyevanın burada qazandığı təcrübə həm bizim üçün, həm də Mədəniyyət və İncəsənət Universiteti üçün səmərəli olacaq".

Nazirliyin kollektivi Fərəh Əliyevaya yeni fəaliyyətində uğurlar arzulayıb.

Fərəh Şirməmməd qızı Əliyeva 1961-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə şöbəsini bitirib. Həmin ildən musiqi tarixi kafedrasında müəllimlik fəaliyyətinə başlayıb. Hazırda kafedranın professoru vəzifəsində çalışır.

1986-1991-ci illərdə aspiranturada oxuyub. 1994-cü ildə "XX əsrin 60-70-ci illərin I yarısında Azərbaycan bəstəkarlarının yaradıcılığında bəzi üslub təmayülləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsinə layiq görülüb. 2009-cü ildə doktorluq dissertasiyasını müdafiə edərək elmlər doktoru elmi dərəcəsini almış, 2013-cü ildə isə professor vəzifəsi yüksəlib. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Elmi konfrans və müsabiqələrin fəal iştirakçısıdır. Elmi monoqrafiya ("Azərbaycan musiqisində üslub axtarışları", B., 1996), dərsliklər ("Musiqi ədəbiyyatı", həmmüəllif A. Tağızadə, B., 1994; "Musiqi" həmmüəlliflər T. Babayeva, S. Qurbanəliyeva, B., 2001), onlarla elmi, elmi-populyar məqalələrin müəllifidir.

Tədqiqatçı kimi F.Əliyeva XX əsr Azərbaycan musiqisi, bəstəkar yaradıcılığı, müasir musiqi problemlərində ixtisaslaşıb. O, Ü. Hacıbəyli, A. Zeynallı, Q. Qarayev, F. Əmirov, A. Əlizadə, F. Qarayev, F. Əlizadə, R. Həsənova, S. Ələsgərov, C. Cahanqirov, T. Quliyev, R. Behbudov və başqa bəstəkarlar, ifaçılar haqda məqalələrin müəllifidir. Hazırda F.Əliyeva Bakı Musiqi Akademiyasının elmi katibi, ixtisasartırma fakültəsinin dekanıdır. O, həm də Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-metodik Şurasının "Musiqişünaslıq və incəsənət" bölməsinin üzvü və elmi katibidir.

Bütün xəbərlər Facebook səhifəmizdə