"Ümumi Mədəni İrs Şəhərləri" layihəsi üzrə ekspertlərin Türkiyə səfəri başa çatıb FOTOLAR
İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) Layihə Dövrünün İdarə edilməsi sistemi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin turizm sahəsi üzrə "Ümumi Mədəni İrs Şəhərləri" adlı layihəsinin ekspertləri (tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və turizm üzrə mütəxəssis Tərlan Quliyev) Türkiyə Respublikasının Van, Ahlat, Ərzurum və Amasiya şəhərlərində mədəni turizm potensialının araşdırılması məqsədilə səfərdə olublar. SİA-nın məlumatına görə, layihəyə uyğun olaraq, ekspertlər Bakı-İstanbul-Van-Amasiya-İstanbul-Bakı istiqamətində hərəkət edərək Şərqi və İç Anadolunun türk-islam mədəniyyətinin (Səlcuqlu, Elxani, Cəlair, Teymuri, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi və Osmanlı dövlətlərinə məxsus) izlərini daşıyan 4 şəhərində 50-dən çox tarixi abidə ilə yerindəcə tanış olublar. Bu şəhərlərdə, xüsusilə qala-şəhər hissələrində arxeoloji tədqiqatların davam etdiyini və önəmli tapıntıların olduğunu nəzərə alan ekspertlər araşdırma və təhlillərlə yanaşı, arxeoloji abidələr və onların turizm baxımından əhəmiyyəti ilə bağlı sorğular da keçiriblər. Bütün səfər zamanı peşəkar fotoqraf tərəfindən fotolar çəkilmiş, geniş fotobank yaradılıb. Şəhərlərin Mədəniyyət və Turzim İdarələrinin rəhbərləri və əməkdaşları, Van Yüzüncü Yıl Universiteti, Ərzurum Atatürk Universiteti, Amasiya və Ərzurum Muzeyləri, Amasiya Memarlar İttifaqı və digər qurumların əməkdaşları ekspert qrupuna yaxından kömək etmiş, onların müvafiq nəşrlər və məlumatlarla təmin edilməsinə köməklik göstəriblər.
Birinci mərhələnin davamı olaraq, daha əvvəl ekspertlər tərəfindən toplanmış və səfər zamanı əldə olunmuş araşdırma materialları birləşdirilərək Türkiyə Respublikasının arxeoloji-mədəni turizm potensialına dair hesabat hazırlanacaq. Eyni zamanda birinci mərhələ çərçivəsində may ayında Azərbaycan Respublikası ərazisindəki arxeoloji turizm potensialı olan mədəni irs şəhərlərində də oxşar araşdırmalar aparılacaq.
Qeyd edək ki, sözü gedən Layihə İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) Layihə Dövrünün İdarə edilməsi sistemi çərçivəsində Komitənin maliyyə dəstəyi ilə həyata keçirilir və COMCEC-ə üzv olan 4 ölkədə (Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyə) mədəni turizm, xüsusilə arxeoloji turizm potensialının araşdırılması, oxşar mədəni irs nümunələrinə sahib olan bölgələrin müəyyən edilməsi, araşdırmaların nəticələrinə əsasən bu ölkələri birləşdirən ortaq turizm məhsulunun yaradılmasını əhatə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB