Emil Əzizin "Səmanın rəngləri” adlı ilk fərdi sərgisi açılıb

Emil Əzizin "Səmanın rəngləri” adlı ilk fərdi sərgisi açılıb

"Qalereya 1969" sərgi salonunda Türkiyədə yaşayan azərbaycanlı rəssam Emil Əzizin "Səmanın rəngləri" adlı ilk fərdi sərgisi açılıb. SİA-nın məlumatına görə, sərgi "Arts Council Azerbaijan" ("Azərbaycan İncəsənət Konsulluğu") qeyri-hökumət təşkilatının dəstəyi ilə reallaşıb.

Sərgidə çıxış edən Əməkdar Rəssam Sakit Məmmədov, Emil Əzizin xüsusi istedada malik gənc olduğunu vurğulayaraq, ona yaradıcılıq uğurları arzulayıb.

Bildirilib ki, Emil Əziz müasir Azərbaycan qadınının obrazını dəblə birləşdirərək kətan üzərində əks etdirir. O, rənglərdən cəsarətlə istifadə edərək əsərlərini bu tərzdə yaradan ilk azərbaycanlı rəssamdır. Rəsmlərində ilk növbədə qadın gözəlliyini, fantaziyanı, ironiyanı və realizmi göstərir.

Diqqətə çatdırılıb ki, gənc fırça ustasının əsərləri indiyədək dünyanın bir çox məşhur sənət qalereyalarında nümayiş olunub. Tədbirdə rəssama "Dədə Qorqud" Beynəlxalq mükafatı təqdim edilib.

Sonda Emil Əziz sərginin ərsəyə gəlməsində ona yardımçı olmuş insanlara, eləcə də tədbirin iştirakçılarına minnətdarlığını bildirib.

Qeyd edək ki, mayın 7-dək davam edəcək sərgidə rəssamın "Kiçik xatirələr", "Yalnız", "Dəb havası", "Geriyə bax", "Rəqsin ətri" və digər əsərləri nümayiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə