Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi və Səfirliyin nəzdnindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Kəmaləddin Behzod adına Özbəkistan Rəssamlıq və Dizayn İnstitutu ilə Azərbaycanın Rəssamlıq Akademiyası arasında əməkdaşlıq Memorandumu imzalanıb. SİA-nın məlumatına görə, memorandumu Azərbaycan tərəfdən Rəssamlıq Akademiyasının prorektoru, xalq rəssamı Salxab Məmmədov, Özbəkistan tərəfindən Kəmaləddin Behzod adına Özbəkistan Rəssamlıq və Dizayn İnstitutunun rektoru, tanınmış rəssam Xasan Aminov imzalayıblar. Memorandumda ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, müəssisələr arasında təcrübə mübadiləsinin aparılması, birgə sərgilərin, festivalların keçirilməsi, rəssamlıq sənətinin inkişaf etmiş janrlarının mübadiləsi, qarşılıqlı səfərlərin, müxtəlif başqa tədbirlərin təşkili və s. məsələlər öz əksini tapıb. Tədbir çərçivəsində Özbəkistan Rəssamlıq Akademiyasında Azərbaycanın tanınmış rəssamlarının təltif olunma mərasimi də keçirilib. Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru, xalq rəssamı Salhab Məmmədov, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, xalq rəssamı Fuad Salayev Kəmaləddin Behzod adına Özbəkistan Rəssamlıq və Dizayn İnstitutunun fəxri professorları adı ilə təltif olunublar. Özbəkistan Rəssamlıq Akademiyasının rəhbəri, xalq rəssamı Akmal Nuriddinov azərbaycanlı rəssamları təltif edib. O, öz çıxışında Azərbaycanla mədəniyyət, rəssamlıq sahəsində əməkdaşlığın inkişafından məmnunluğunu, Azərbaycanda rəssamlıq sənətinin çox zəngin ənənələrə malik olduğunu və dünya şöhrətli Azərbaycan rəssamlarının əsərlərinin bütün dünyada sevildiyini bildirib. Öz növbəsində Azərbaycan rəssamları çıxış edərək, qardaş Özbəkistanda təltif olunmalarına görə minnətdarlıqlarını bildiriblər. Azərbaycan rəssamları Özbəkistan Dövlət Sənət Qalereyasını gəzmiş, habelə Özbəkistanda keçirilən Respublika rəsm, sənət və milli libaslar festivalında iştirak edərək, təşkil olunan sərgilərlə tanış olublar.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB