“Tarixin canlı səhifələri”

Mayın 2-də Şəki Xan Sarayında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilən və Gənclər və İdman Nazirliyinin (GİN) layihəsi olan "Tarixin canlı səhifələri" adlı gənclər festivalı başlayacaq. SİA-nın məlumatına görə, tarixi rekonstruksiya formatında təşkil edilən festivalın əsas məqsədi gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onların tariximizə olan marağını elə özlərinin oynayacağı kiçik səhnəciklər vasitəsilə artırmaq, şərəf dolu tarixi döyüş səhnələrini gənclərə əyani olaraq çatdırmaqdır.

Bütün dünyada geniş yayılan tarixi rekonstruksiya hərəkatı bu günədək Azərbaycanda öz əksini tapmayıb. Məhz bu formatda "Tarixin canlı səhifələri" festivalı ölkəmizdə ilk dəfə keçiriləcək.

Festival orta əsrlərdən günümüzə qədər olan tarixi dövrü əhatə edir. Azərbaycanın tarixi qəhrəmanlarından olan Cavanşirin, müstəqilliyimiz uğrunda ərəblərlə mübarizə aparan Babəkin, bütöv Azərbaycanı ilk dəfə vahid halda birləşdirən Şah İsmayıl Xətainin, məşhur Şəki xanı Hacı Çələbi xanın, Gəncənin müstəqilliyi uğrunda öz canından keçən Cavadxanın həyatı tələbə və aktyorlar tərəfindən canlandırılacaq. Eyni zamanda, festival çərçivəsində o dövrə xas olan mədəniyyət, məişət və ənənələr də geniş şəkildə təqdim olunacaq.

Qeyd edək ki, festivalda 200 nəfərə yaxın tələbə iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə