Niyazi Bədəlovun xatirəsi yad edilib

Niyazi Bədəlovun xatirəsi yad edilib

Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinorejissoru Niyazi Bədəlovun anadan olmasının 105 illiyi münasibətilə xatirə gecəsi keçirilib. SİA-nın məlumatına görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və Dövlət Film Fondunun birgə təşkilati dəstəyi ilə reallaşdırılıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev bildirib ki, tanınmış kinorejissor Niyazi Bədəlov Azərbaycanda sənədli filmlərin banilərindən biridir. Diqqətə çatdırıb ki, kinorejissorun filmoqrafiyasına nəzər salanda, onun müxtəlif sahələrdən sənədli filmlər çəkdiyini görmək olar. Rejissorun bütün sahələrdən çəkdiyi filmlər yüksək peşəkarlığı, öz yozumu, quruluşu, forması ilə seçilir.

Niyazi Bədəlovun vaxtilə maraqlı faktları lentə aldığını diqqətə çatdıran Cəmil Quliyev, bu gün sənədli filmlər çəkilərkən həmin kadrlardan istifadə olunduğunu söyləyib.

Əməkdar İncəsənət Xadimi Aydın Kazımzadə kinorejissorun həyat və fəaliyyəti, çəkdiyi filmlər haqqında geniş söhbət açıb: "O, 1909-cu ildə Şəkidə anadan olub. Əmək fəaliyyətinə 1927-ci ildə elə bu şəhərdə "Yeni yol" kinoteatrında kinomexanik köməkçisi kimi başlayıb. O, 1931-1936-cı illərdə Moskvada Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. Bakı kinostudiyasında əmək fəaliyyətini davam etdirən gənc rejissor "Sovet Azərbaycanı", "Ordenli Azərbaycan", "Gənc nəsil", "İdman", "İncəsənət", Moskvanın "Novosti dnya", "Po strane sovetov" kinojurnalları üçün yüzlərlə süjet çəkmiş, "Komsomol nəsli", "General Həzi Aslanov", "Dağlıq Qarabağ", "Məhəmməd Füzuli", "M.F.Axundov", "Hanı mənim övladlarım?", "Xalq Şairi Səməd Vurğun", "Dağlarda ada", "Onun adı Serafino idi", "Xəzər üzərində körpü" kimi 40-dək sənədli film lentə alıb. 1944-cü ildə Azərbaycan SSR Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsinin sərəncamı ilə özfəaliyyət dram dərnəyi bazasında Salyan Dövlət Dram Teatrını yaradıb. Niyazi Bədəlov yaradıcılığının ilk illərində sovet filmlərinin Azərbaycan dilində səsləndirilməsində yaxından iştirak edib. 1930-cu illərin sonlarında Azərbaycan Dövlət Teatr Texnikumunun kino aktyorluğu şöbəsində kino texnikası fənnindən dərs deyib. Həmçinin respublikamızda həvəskar kino hərəkatının təşkilatçılarından biri olub".

Qeyd edək ki, tədbirdə, həmçinin görkəmli sənətkara həsr edilmiş fotosərgi nümayiş etdirilmiş, onun quruluş verdiyi filmlərdən fraqmentlər göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə