Azərbaycan Yazıçılar Birliyində (AYB) tanınmış şair-publisist Tofiq Mütəllibovun anadan olmasının 85 illik yubileyi qeyd edilib. SİA-nın məlumatına görə, AYB-nin katibi Rəşad Məcid şairin həyat və yaradıcılığından danışıb.
Bildirilib ki, Tofiq Müttəlibov 1929-cu ildə Naxçıvan şəhərində anadan olub, orta təhsilini doğma şəhərdə aldıqdan sonra Bakıya gəlib və burada Bakı Dövlət Universitetində oxuyub.
Sonradan taleyini Bakı ilə bağlayan Tofiq Mütəllibov 20 il "Azərbaycan gəncləri" qəzetində çalışıb.
Tanınmış şair 1992-ci il oktyabrın 30-da vəfat edib.
Tofiq Mütəllibovun 85 illik yubileyi tədbirində mərhum şairin yeni çapdan çıxmış "Əbədi mahnı" adlı kitabı da şeirsevərlərə təqdim edilib.
Xalq şairləri Fikrət Qoca və Nəriman Həsənzadə Tofiq Mütəllibovun gənclik illərini xatırlamış, onun böyük şair Səməd Vurğunun bir sözü ilə quruma qəbul edildiyini söyləyiblər.
Diqqətə çatdırılıb ki, Tofiq Mütəllibov yaxşı şair olmaqla yanaşı, həm də böyük insan olub.
Vurğulanıb ki, o, heç bir şeir belə yazmasaydı da "Cücələrim" mahnısı ilə mədəniyyət tariximizdə qalacaq.
Vaxtilə "Azərbaycan gəncləri" qəzetinin redaktoru olmuş, Əməkdar Jurnalist Yusif Kərimov Tofiq Mütəllibovun digər insanlardan fərqləndiyini, onun uşaq qədər saf bir ürəyə sahib olduğunu, həmişə gənclərlə diqqət və qayğı ilə yanaşdığını söyləyib.
Bildirilib ki, o, "Görüş", "Şeirlər", "Bəxtiyar balalar", "Gözəllikdən doymur ürək", "Sənin xətrinə", "Danışan çiçəklər", "Mənim əzizlərim", "Görüş yerimi" və digər 30-a yaxın kitabın müəllifi kimi şöhrət qazanıb.
Tədbirdə çıxış edən digər natiqlər şairin rəngarəng poeziyasından söhbət açıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB