Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi ilə birgə mayın 13-dən 16-dək Budapeşt şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Azərbaycanın gənc rəssamları Macarıstanda" adlı sərgi keçirəcək. SİA-nın məlumatına görə, məqsəd Azərbaycanın gənc rəssamlarının istedadını bir daha nümayiş etdirmək, onların yaradıcılıq imkanlarının genişlənməsinə şərait yaratmaq, mədəniyyətlər arası dialoqun inteqrasiyasının vacibliyini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, eyni zamanda Prezidenti İlham Əliyevin öz çıxışlarında daim vurğuladığı azərbaycanlılar arasında həmrəyliyin Azərbaycan dövlətinin qüdrətlənməsində və inkişafında əsas şərt kimi irəli sürülməsinə bir daha diqqəti cəlb etməkdir.
Mədəniyyət və Turizm Nazirliyi və KOQART qalereyasının təşkilati dəstəyi ilə reallaşacaq sərgidə iştirak etmək üçün Azərbaycandan geniş nümayəndə heyəti mayın 13-dən 19-dək Macarıstanda səfərdə olacaq.
Sərgidə 29 rəssamın 120 əsəri nümayiş etdiriləcək.
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanda mədəniyyət sahəsində yeni bir siyasətin əsası qoyulub. Məhz bu siyasətin nəticəsidir ki, bu gün dünyanın hər bir yerində belə sərgilərin keçirilməsi Azərbaycan üçün artıq ənənəvi hal alıb.
Mərkəzdən onu da bildirmişlər ki, bu ilin əvvəlindən Heydər Əliyev Fondu tərəfindən Budapeştdə görmə qabiliyyəti zəif olan uşaqlar üçün yeni layihənin icrasına başlanıb. Ona görə də sərgini aksiya şəklində keçirilməsi planlaşdırılıb. Sərgidə satışa çıxarılacaq əsərlərdən əldə olunacaq gəlirin 25 faizi səfirliyin xətti ilə görmə qabiliyyəti zəif olan uşaqların hesabına köçürüləcək.
Azərbaycanın gənc rəssamları Macarıstanın görməli yerlərini ziyarət edəcək, Avropanın mədəniyyət mərkəzi sayılan Vyana şəhərinə bir günlük səfər edəcəklər.
Sərginin açılışı mayın 14-də KOQART qalereyasında olacaq və 3 gün davam edəcək.
Qeyd edək ki, sonda iştirakçı rəssamlara və KOQART qalereyasının rəhbərliyinə sertifikatlar təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB