Moldova Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub FOTOLAR

Moldova Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub FOTOLAR

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycanda Moldova Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub. SİA-nın məlumatına görə, Moldova Mədəniyyəti Günlərini Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Moldovanın mədəniyyət naziri Monika Babuk açıb.

Əbülfəs Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından qonaqları səmimi salamlayaraq hər iki ölkə müstəqillik əldə edəndən sonra onlar arasında qardaşcasına münasibətlər yarandığını bildirib: "Bu illər ərzində Azərbaycanda artıq dördüncü dəfə Moldova Mədəniyyəti Günləri keçirilir".

Monika Babuk mədəniyyət günlərinin təşkilində göstərilmiş dəstəyə görə Azərbaycan xalqına və hökumətinə dərin təşəkkürünü bildirib: "Moldova beynəlxalq arenada həmişə Azərbaycanın dəstəyini hiss edir. Mədəniyyət günlərinin proqramı maraqlı olacaq".

Bu proqrama əsasən, Ştefenes qardaşlarının və baletmeyster Yuri Bivolun rəhbərliyi ilə "Fluyeraş" xalq musiqi və rəqs ansamblının konserti nəzərdə tutulub.

Mədəniyyət günləri çərçivəsində Əməkdar İncəsənət Xadimi, indiyə qədər Moldovada və xaricdə 38 dəfə fərdi sərgiləri keçirilib Mixay Potırnikenin fotoşəkillərinin sərgisi açılacaq. Moldova Mədəniyyəti Günləri çərçivəsində Anatol Ştefenesin başçılıq etdiyi "Trigon" qrupunun konserti olacaq. Konsertdə tanınmış ifaçı Vali Boqyanu iştirak edəcək. "Fluyeraş" xalq musiqi və rəqs ansamblı Sumqayıtda da çıxış edəcək.

Qeyd edək ki, sonra "Fluyeraş" xalq musiqi və rəqs ansamblı çıxış edib. Azərbaycanda Moldova Mədəniyyəti Günləri mayın 1-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə