Əbülfəs Qarayev: "Bizə baxımsız binada yerləşən kitabxanalar lazım deyil"
Bu gün Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında ölkə kitabxanaçılarının Ümumrespublika müşavirəsi işə başlayıb. SİA-nın məlumatına görə, müşavirədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Milli Kitabxananın dirktoru Kərim Tahirov, kitabxana işçiləri, media nümayəndələri və başqaları iştirak ediblər.
Müşavirədə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son 7 il müddətindəAzərbaycanda bütün sahələrdə olduğu kimi, mədəniyyət və turim sahəsində də islahatlar aparıldığını diqqətə çatdırıb. Nazir həmçinin kitabxanaların da fəaliyyətini daha da artılmasının vacib olduğunu bildirib: "Qəbul etməliyik ki, bu gün hər cür şəraiti olan kitabxanalarla yanaşı, bərbad vəziyyətdə olan kitabxanalarımız da var. Bizə belə baxımsız binada yerləşən kitabxanalar lazım deyil. Belə binalar insanları kitabxanalardan uzaqlaşdırır. Kitabxanalar insanlara ona görə lazımdır ki, onlar buraya gəlib yaxşı, isti otaqlarda kitablar, qəzetlər oxusunlar. Düşünürəm ki, bu işlə məşğul olan şəxslər öz işlərini lazımınca yerinə yetirə bilməsələr kitabxanalar fəaliyyətini və vacibliyini daha da itirəcək. Kitabxanalarda lazımsız ədəbiyyatlar saxlanılır, amma insanlar üçün önəm kəsb edən ədəbiyyatlar isə silinir. Onu da deyim ki, Azərbaycanda kitabxanalar şəbəkəsi vəhdətləşdirilməlidir. Kitabxanalar öz şəbəkələri hesabına bir-biriləri ilə əlaqələr qurmalıdır. Mən nazir ola-ola mənim saytıma ancaq Milli Kitabxanaya yeni nəşrlərin gəlməsi barədə məlumat daxil olur, başqa heç bir kitabxanaya yeni nəşrin gəlməsi barədə məlumat verilmir. Kitabxanaların saytlarında isə hansısa ədibin illər öncə qeyd edilmiş yubileyi barədə məlumatlar olur. Bu informasiyaları saytlarında illərlə saxlayırlar. Bir müddət bundan əvvəl rayonların birində olanda 3 il əvvəl keçirilən ədibin yubileyi haqda məlumat bu gün də orada saxlanılır. İnsanlara köhnə informasiyalar verilməməlidir. Çünki hər kəs yeni informasiya, məlumat almaq istəyir. Әgər şəbəkə bunu edə bilmirsə, demək, şəbəkə müflisləşib".
Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli söz alaraq nazirliyin hər il 70 -80 adda kitab nəşr olunaraq kitabxanalara göndərildiyini bildirib: "Təbii ki, bu say yetərli deyil. Kitabxanalar oxucu rəyi nəzərə alınmaqla, daha çox kitablarla təmin edilməlidir. Etiraf edim ki, bizim kitabxanalara göndərdiyimiz kitablar ölkədə işıq üzü görən nəşrləri tam əks etdirmir. Bizim fikrimizcə, bu və ya digər baxımdan dəyərli olan bütün nəşrlər, çap materialları kitabxanalarda yer almalıdır. Onu da deyim ki, kitabxanalara vəsait və sərbəstlik verilməlidir. Dövlət tərəfindən kitabxanaların inkişafına verilən dəstək böyük olsa da, bəzən kitabxanalar bu və ya digər ərazinin başlıca məlumat, intellektual təsir mərkəzinə çevrilə bilmir. Kitabxanaların davamlı inkişafına nail olmaq üçün ictimaiyyətin gücündən istifadə edilməlidir. Kollektivlərin təşəbbüsləri yerli icra hakimiyyəti orqanları, təsisçi təşkilatlar, əhali tərəfindən dəstəklənməlidir".
Qeyd edək ki, çıxışlardan sonra isə "Kənd Kitabxana- İnformasiya Mərkəzi" pilot layihəsinin və Milli Kitabxanalara tətbiq olunan "ALİSA" proqramının təqdimatı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB