Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə Azərbaycanın Özbəkistandakı səfirliyinin, səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycanın Dövlət Rəsm Qalereyasının və Özbəkistan Rəssamlıq Akademiyasının təşəbbüsü ilə Daşkənddə Azərbaycan rəssamlarının akvarel janrında çəkilmiş tablolarından ibarət "Odlar Yurdunun baharı" adlı sərgi keçirilib. SİA-nın məlumatına görə, sərgi ümummilli lider Heydər Əliyevin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzində keçirilib.
Sərgidə Özbəkistanın tanınmış rəssamları, sənətşünaslar, Özbəkistan Rəssamlıq Akademiyasının nümayəndələri, Kəmaləddin Behzad adına Özbəkistan Rəssamlıq və Dizayn İnstitutunun və Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedoqoji Universitetinin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.
Sərgidə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ölkələrimiz arasında mədəni sahədə əlaqələrdən danışmış, sərgidə əsərləri nümayiş etdirilən rəssamlar haqqında məlumat vermişdir. O, müasir dövr Azərbaycanın tanınmış rəssamlarının sulu boya ilə yaratdıqları rəsmlərin Özbəkistanda maraqla qarşılanacağına əmin olduğunu bildirib.
Azərbaycan Dövlət Rəsm Qalereyasının direkroru Elnur Hüseynov belə tədbirlərin həm Daşkənddə, həm də bakıda tez-tez keçirilməsi zəruriliyindən söhbət açmış, bu sahədə əlaqələrimizin daha da genişləndirilməsi zəruriliyinə toxunub. Rəssamlığın akvarel janrı haqqında məlumat verib. Sərgidə Azərbaycan rəssamları Nazim Məmmədov, Azad Şıxəliyev, Hafiz Kərimov, İlahə Əliyeva, Humay Axundova, Məmmədhüseyn Hüseynov, Asif Cəfərov, Elşad Hüseynov və başqalarının 50-yə yaxın tablosu nümayiş etdirilib.
Qeyd edək ki, sonra Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Azərbaycan qızları" uşaq rəqs ansamblının üzvləri bir-birindən gözəl rəqslərimizi ifa ediblər.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB