Miniatür Kitab Muzeyində tanınmış jurnalist Elmira Əliyevanın "İnsanlar... Hadisələr... Zaman..." silsiləsindən üçüncü kitabının təqdimatı olub. SİA-nın məlumatına görə, təqdimat mərasiminə ziyalıların nümayəndələri, tanınmış jurnalistlər, diplomatlar, Elmira Əliyevanın qələm dostları toplaşıb.
Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahova tədbirin açılışında çıxış edərək bu kitabın müəllifinin yaradıcılıq yolu haqqında söhbət açıb. O, bildirib ki, bu kitab Elmira Əliyevanın məqalələrinin sayca üçüncü toplusudur. Kitaba müəllifin müxtəlif vaxtlarda yazdığı 112 məqaləsi daxil edilib. Zərifə Salahova vurğulayıb ki, bu kitabda toplanmış oçerklərin qəhrəmanları Azərbaycanın həyatında böyük rol oynayıblar.
Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç deyib: "Bu kitabı oxuyanda başa düşürsən ki, orada təkcə ayrı-ayrı hadisələr əks olunmamış, insanların həyatının tablosu çəkilmiş, hadisələr yaradıcı şəkildə təsvir edilib. Buna görə Elmira Əliyeva adi jurnalist deyil, o, rəssam-jurnalistdir". Diplomat xüsusi ilə diqqətə çatdıırıb ki, Elmira Əliyeva öz yazılarında həmişə mövzunun mahiyyətinə varır, onu könül süzgəcindən keçirir. Səfir xüsusilə vurğulayıb: "Onun yazılarından gənc nəsildə vətənpərvərlik hissi tərbiyə etmək üçün dərs vəsaiti kimi istifadə etmək olar".
Tədbirdə şair-tərcüməçi Siyavuş Məmmədzadə, professor Gülrüx Əlibəyova, Azərbaycanın Xalq Artisti Xuraman Qasımova, yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundova və başqaları da çıxış ediblər.
Bildirilib ki, Elmira Əliyevanın kitabları mənəvi həyat antologiyası hesab edilə bilər. Onun yazılarında müəllifin qəlbinin döyüntüsü eşidilir. Ölkəmizin bir sıra tanınmış şəxsiyyətləri haqqında geniş informasiyanın toplandığı bu kitab Vətənimizin, millətimizin nə qədər zəngin olmasına dəlalət edir. Elmira Əliyevanın qəhrəmanları müsbət obrazlardır. O, insanlarda nurlu və xeyirxah keyfiyyətləri üzə çıxarır.
Elmira Əliyeva bu kitabın təqdimatının təşkil olunması təşəbbüsünə görə muzeyin direktoru Zərifə Salahovaya minnətdarlığını bildirib.
Qeyd edək ki, keçən əsrin 60-70-ci illərində Elmira Əliyeva "İzvestiya" qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub. Sonra "Bakinski raboçi" qəzetində şöbə müdiri vəzifəsində çalışmış, 1987-ci ildən 2010-cu ilə qədər Azərbaycan Dövlət Teleqraf Agentliyində işləyib. 10 il rus dilində informasiya baş redaksiyasının baş redaktoru olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB