Azərbaycan kitabxanaçılarının Ümumrespublika müşavirəsi keçiriləcək
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın icra müddəti artıq başa çatıb. SİA-nın məlumatına görə, bu dövr ərzində "Dövlət Proqramı"nın icrasının nəticəsi olaraq ölkəmizin kitabxana-informasiya şəbəkəsində mühüm addımlar atılmış, islahatlar aparılmış, sahənin gələcəkdə sürətli inkişafına təminat verən əsaslar yaradılıb. Müasir inkişaf mərhələsində informasiya və intellektual zənginləşmə amilinin rolunun artması əhalinin müxtəlif təbəqələri ilə daim sıx əlaqədə fəaliyyət göstərən kitabxana kollektivləri qarşısında yeni tələb və vəzifələr qoyur. Məhz bu baxımdan, "Dövlət Proqramı"nın icrası nəticəsində əsası qoyulan fəaliyyət istiqamətlərinin ardıcıl və davamlı inkişafının təmin olunması üçün kitabxana-informasiya sahəsinin daim diqqət mərkəzində saxlanılması, müşahidə edilən problemlərin vaxtında öyrənilməsi və həlli məsələləri indiki mərhələdə aktuallıq kəsb edir. Odur ki, qeyd olunanları, xüsusilə "Dövlət Proqramı"nın icra müddətinin başa çatdığını nəzərə alaraq, mövcud vəziyyəti təhlil edib dəyərləndirmək, qarşıdakı vəzifələri müəyyənləşdirmək məqsədi ilə 29 aprel 2014-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli Kitabxanasında "Azərbaycan kitabxanaçılarının Ümumrespublika müşavirəsi" keçiriləcək. Tədbir çərçivəsində ümummilli lider Heydər Əliyevin məzarının ziyarəti, daha sonra ölkə kitabxanalarının fəaliyyətinə həsr olunmuş foto və kitab sərgilərinə baxış, "Kənd Kitabxana-İnformasiya Mərkəzi" pilot layihəsinin və Milli Kitabxanada tətbiq olunan "ALİSA" proqramının təqdimatı, ən sonda isə bir neçə aparıcı kitabxanalarda seksiyalar üzrə iclasların keçirilməsi nəzərdə tutulub. Müşavirəyə yüksək vəzifəli dövlət adamları, ziyalılar, respublika əhəmiyyətli və aparıcı kitabxanaların, o cümlədən ali məktəb kitabxanalarının direktorları, aparıcı KİV nümayəndələri dəvət olunacaq.
Qeyd edək ki, müşavirə 29 aprel, saat 9:00-da, M.F.Axundov adına Milli Kitabxanada öz işinə başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB