Azərbaycanlı uşaqlar beynəlxalq festivalda uğur qazanıb FOTOLAR
Rusiya Federasiyasının Yekaterinburq şəhərində "Yer-bizim ümumi evimizdir" ("Земля-наш общий дом") adlı XV Beynəlxalq Uşaq Musiqi Yaradıcılığı Festivalı keçirilib. SİA-nın məlumatına görə, yubiley festivalında ölkəmizi Bakı şəhər Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin "Aysel" rəqs ansamblı təmsil edib.
Festival çərçivəsində on dörd ölkədən gəlmiş (Azərbaycan, Rusiya, ABŞ, Avstriya, Çexiya, İtaliya, Bosniya və Hersoqovina, Rumıniya, Gürcüstan, Hindistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan,) 23 uşaq yaradıcı kollektivinin arasında "xoreoqrafiya sənəti və folklor", "xor oxuma, instrumental musiqi" nominasiyaları üzrə müsabiqə təşkil olunub. "Xoreoqrafiya sənəti" nominasiyası üzrə müsabiqədə "Aysel" rəqs ansamblı Azərbaycanın milli rəqs nömrələri ilə çıxış edərək beynəlxalq münsiflər heyəti tərəfindən II dərəcəli diploma və müsabiqənin laureatı adına layiq görülüb.
Festival günlərində "Aysel" rəqs ansamblının üzvləri Sverdlovsk vilayətinin Yekaterinburq və Kamensk-Uralsk şəhərlərinin konsert salonlarında milli rəqslərimizi nümayiş etdirərək tamaşaçıların rəğbətini qazanıblar. 1993-cü ildə yaradılan "Aysel" rəqs ansamblının repertuarına Azərbaycan milli rəqsləri, habelə İspaniyanın, Meksikanın, Türkiyənin, Rusiyanın milli rəqsləri daxildir. 1996-cı ildən etibarən ansamblın üzvləri Gürcüstan, İtaliya, Moldova, Türkiyə, Ukrayna, Rusiya və başqa olkələrdə keçirilən müxtəlif müsabiqə və festivallarda iştirak ediblər.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB