Macarıstanın paytaxtı Budapeştdə XXI Beynəlxalq Kitab Festivalı açılıb. SİA-nın məlumatına görə, Beynəlxalq kitab bayramında ölkəmiz də təmsil olunur. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin Nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu və nazirliyin mətbuat katibi İntiqam Hümbətov iştirak edir. Azərbaycan stendində ölkəmizin nəşriyyat-poliqrafiya sahəsinin və kitab sənətinin son illərdə inkişafını nümayiş etdirən çap məhsulları yer alıb. Ziyarətçilərə dövlətçiliyimizə, tariximizə, Qarabağa, zəngin mədəniyyət və incəsənətimizə dair, həmçinin ölkəmizin turizm imkanlarını təbliğ edən Azərbaycan, ingilis, rus, alman və fransız dillərində nəfis tərtibatlı kitablar təqdim edilir. Kitab festivalının rəsmi açılışından sonra ilk dəqiqələrdən stendimizə böyük maraq göstərilib. Nəfis tərtibatlı nəşrlər, milli mətbəximiz, turizm bölgələrimiz, Qarabağ haqqında kitablar xüsusilə diqqəti cəlb edib. Ziyarətçilərə Azərbaycan kitab və poliqrafiya işinin inkişafı, bu sahədə əldə olunan nailiyyətlər, eləcə Bakıda ənənəvi olaraq keçirilən beynəlxalq kitab sərgi-yarmarkası haqqında, ümumilikdə ölkəmizin inkişafı, respublikamızda keçirilən beynəlxalq tədbirlər barədə məlumat verilib. 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları barədə məlumatlar, tanıtım nəşrləri də maraqla qarşılanıb. Azərbaycanın Macarıstandakı səfirliyinin əməkdaşları, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr də stendimizlə yaxından tanış olublar. Sərginin ilk günü yaddaqalan tədbirlərdən biri Türkiyənin təşkil etdiyi təqdimat olub. Qardaş ölkə builki Budapeşt kitab festivalının fəxri qonağıdır. Təqdimatda Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik çıxış edib.
Qeyd edək ki, sərgiyə 20-dək ölkədən nəşriyyat, kitab evi və qurumların təmsilçiləri qatılıb. XXI Budapeşt Beynəlxalq Kitab Festivalı aprelin 27-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB