Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük konsert salonunda İslam dünyası klassik musiqi ifaçılarının III Beynəlxalq festival-müsabiqəsinin açılışı olub. SİA-nın məlumaına görə, müsabiqə aprelin 24-26-da Bakıda keçiriləcək.
Müsabiqə İslam Təhsil, Elm və Mədəniyyət Məsələləri Təşkilatının (İSESCO), Gənclər və İdman, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin dəstəyi, BMA-nın iştirakı ilə "Kainat" Gənclər Mərkəzi tərəfindən təşkil edilib.
Festival-müsabiqə gənc istedadları üzə çıxarmaq, beynəlxalq səviyyədə təcrübə və ideya mübadiləsi aparmaq, Azərbaycan mədəniyyəti və incəsənəti ilə tanış olmaq üçün xarici ölkələrin gənclərinə daha geniş imkanlar yaratmaq məqsədi daşıyır.
"Kainat" Mərkəzinin direktoru Rahib Rəsulzadə festivalın açılışında çıxış edərək bildirmişdir ki, III Beynəlxalq festival-müsabiqədə yaşı 20-yə qədər olan ifaçılar iştirak edirlər.
Artıq ənənəyə çevrilən festivalın coğrafiyası ilbəil genişlənir. Birinci festivala cəmi 5 ölkənin nümayəndələri qatıldıqları halda, bu il 10 ölkədən musiqiçilər iştirak edirlər. Bu il müsabiqəyə İndoneziyanın və İranın təmsilçiləri də qoşulublar. Qırğızıstandan olan ən gənc ifaçının cəmi 7 yaşı var.
Əsasnaməyə uyğun olaraq festivalın münsiflər heyətinin tərkibi beynəlmiləldir. Münsiflər heyətinə Türkiyə, Özbəkistan, Qazaxıstan və Başqırdıstanın (Rusiya Federasiyası) nümayəndələri daxildirlər. Münsiflər heyətinin sədri Azərbaycanın Xalq Artisti, Bakı Musiqi Akademiyasının prorektoru Yeganə Axundovadır.
Qeyd edək ki, açılış günü kiçik yaş qrupundan olan müsabiqə iştirakçılarının çıxışları olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB