Məhəmməd Bürcəliyev – 100 il

Bu gün Azərbaycanın xalq artisti, qocaman teatr və kino aktyoru Məhəmməd Bürcəliyevin 100 illik yubileyi qeyd olunur. SİA-nın məlumatına görə, Məhəmməd Bürcəliyev 1914-cü il aprel ayının 25-də Şəki şəhərində anadan olub. Şəki şəhərində 5-illik orta təhsilini başa vurduqdan sonra 1932-ci ildə təhsilini davam etdirmək məqsədi ilə Karl Lipknixt adına fabrik-zavod məktəbinə daxil olub. Sabit Rəhmanın dəvəti ilə 1932-ci ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1932-1935-ci illərdə Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərib və maraqlı obrazlar qaleriyası yaradıb. 1935-ci ildən ömrünün sonunadək, yəni, 1994-cü ilədək Gəncə Dövlət Dram Teatrında çalışıb. 1967-1968-ci illərdə N.K.Krupuskaya adına Moskva Dövlət İncəsənət Universitetinin "Teatr aktyoru və rejissoru" fakültəsini bitirib. 1948-ci ildə Məhəmməd Bürcəliyev "Yadigar" adlı bir dram əsəri də qələmə alıb. Həmin il "Yadigar" pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub. Pyesin quruluşçu rejissoru Ağəli Dadaşov, rəssamı Bəhram Əfəndiyev və musiqi tərtibatçısı Şəmsəddin Fətullayev olub. Məhəmməd Bürcəliyevin "Yadigar" pyesi 1948-ci ildə keçmiş SSRİ-də keçirilmiş "Müasir dramaturqların əsərlərinə baxış" festivalında 3-cü dərəcəli mükafata layiq görülüb. Həmçinin Məhəmməd Bürcəliyev respublikada çapdan çıxan qəzet və jurnallarda 75-dən artıq məqalə, resenziya və oçerkin müəllifidir. Məhəmməd Bürcəliyev Gəncə Dövlət Dram Teatrının səhnəsində 300-dən artıq maraqlı obrazlar qaleriyası yaradıb. "Od gəlini"ndə Altunbay, "Aydın"da Səlim, "Nəsrəddin şah"da Cavad xan, "1905-ci ildə"də Qubernator, "Almaz"da Şərif, "Səyavuş"da Kərşivaz, "Fərhad və Şirin"də Azər baba, "Otello"da Radriqo, "Vaqif"də İbrahim xan, "Üç qəpilik opera"da Bıcaq Mex, "III-Riçard"da Lord Xestinqs, "Odu atma, Prometey"də Kefest, "Dəli Kür"də Qoca, "Qacaq Nəbi"də Koxa Məmməd, "Qəribə dilənci"də Qeyza Qaliba və s. obrazları onun yaradıcılığının əsasını təşkil edir. Həmçinin bu teatrın səhnəsində M.Bürcəliyev 11 pyesə quruluşçu rejissor kimi səhnə həyatı bəxş edib. Cəlil Məmmədquluzadənin "Ölülər", Teymur Məmmədovun "Ürək yanarsa", Altay Məmmədovun "Həmyerlilər" və "Bəraət", Tofiq Mahmudun "Onunçular", Sabit Rəhmanın "Əliqulu evlənir", Qərib Mehdiyevin "Oxşarlar", Şəfayət Mehdiyevin "Mirzə Fətəli", Rəsul Həmzətovun "Dağlı qizi", Yusif Əzimzadənin "Anacan", Abdulla Şaiqin "Tülkü həccə gedir" pyeslərinə quruluş verib. Məhəmməd Bürcəliyev Azərbaycanfilmin istehsalı olan bir neçə filmdə də yaddaqalan obrazlar yaratmışdır. "Dəli Kür" filmində Allahyar, "Qəm pəncərəsi" filmində Rəşid bəy, "O dünyadan salam" filmində Hacı Baxşəli və s. obrazları aktyorun geniş yaradıcılıq imkanlarından, böyük potensial qüvvəsindən xəbər verir. 1946-1948-ci illərdə Məhəmməd Bürcəliyev Fikrət Əmirov ilə birgə ilk dəfə olaraq Gəncə Dövlət Filarmoniyasını yaradıblar və həmin illərdə Gəncə Dövlət Filarmoniyasının direktoru Məhəmməd Bürcəliyev olub. O, 1955-ci ildə respublikanın əməkdar artisti, 1958-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə