Teymur Elçinin 90 illik yubileyi qeyd edilib

Teymur Elçinin 90 illik yubileyi qeyd edilib

Bu gün Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli şair və tərcüməçi, ictimai xadim, Dövlət mükafatı laureatı Teymur Elçinin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, yubiley tədbirində elm və mədəniyyət xadimləri, mərhum şairin ailə üzvləri və ədəbi ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Teymur Elçinin həyat və yaradıcılığından danışılıb.

Bildirilib ki, Azərbaycan uşaq ədəbiyyatının zənginləşməsində böyük xidmətləri olan Teymur Elçin bu sahənin tanınan nümayəndələrindən biri idi. O, ötən əsrin ortalarında Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinə rəhbərlik etdiyi dövrlərdə həmişə dilimizin saflığı keşiyində dayanan bir şəxsiyyət olub. Onun sağlığında 15-ə yaxın şeir kitabı işıq üzü görmüş, bir sıra şeirlərinə mahnılar bəstələnmiş, mənzum pyesləri Gənc Tamaşaçılar Teatrında səhnələşdirilib. Teymur Elçinin ədəbi xidmətləri dövlət tərəfindən dəfələrlə təltiflərlə qiymətləndirilib. 1975-ci ildən 1988-ci ilədək Azərbaycanın mədəniyyət nazirinin müavini işləmiş Teymur Elçinin milli mədəniyyətimizin daha da inkişaf etdirilməsində layiqli xidmətləri olub.

Diqqətə çatdırılıb ki, ədəbi fəaliyyətə hələ orta məktəb illərindən başlayan sevimli uşaq şairimiz Teymur Elçin şeirlərinin dili sadə və təbii olduğundan yadda tez qalırdı. Teymur Elçinin şeirlərinə yazılmış mahnıların bu gün də uşaqlar tərəfindən sevilərək oxunması onun poeziyasının həmişəyaşar olmasından xəbər verir. Şairin müxtəlif xalqların uşaq yazıçılarının əsərlərini də böyük ustalıqla dilimizə tərcümə etməsi diqqətə çatdırılıb.

Tədbirdə, həmçinin Azərbaycan Milli Kitabxanası tərəfindən "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından hazırlanmış "Teymur Elçin. Biblioqrafiya" kitabı da təqdim edilib. Teymur Elçin irsini geniş oxucu kütləsinə çatdırmaq məqsədilə tərtib olunmuş bu biblioqrafiya 1938-ci ildən 2014-cü ilədək olan dövrü əhatə edir. Biblioqrafiyada Teymur Elçinin əsərləri, tərcümələri, sözlərinə bəstələnmiş mahnıların not əlyazmaları, şeirlərinə yazılmış musiqi əsərləri, filmoqrafiyası, haqqında internet mənbələri öz əksini tapmışdır. Kitabda Teymur Elçinin həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri də verilib.

Qeyd edək ki, tədbirdə Teymur Elçinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə