Bakıda "Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında erməni məsələsi" adlı beynəlxalq konfrans keçirilir FOTOLAR

Bakıda "Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında erməni məsələsi" adlı beynəlxalq konfrans keçirilir FOTOLAR

Bu gün Azərbaycan Yazıçılar Birliyi, Türkiyə Yazarlar Birliyi və "Gənclərin Elmi Araşdırmalarına dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Yazıçılar Birliyində "Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında erməni məsələsi" adlı Beynəlxalq konfrans öz işinə başlayıb. SİA-nın məlumatına görə, konfransda Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu, Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun, xalq şairi Fikrət Qoca, Azərbaycan və Türkiyənin bir çox Universitet və araşdırma mərkəzlərindən çox saylı alim və tədqiqatçılar, o cümlədən ədəbiyyatda erməni məsələsi ilə bağlı tədqiqat aparan elm adamları, yazıçı, şair, dramaturq, publisist və media nümayəndələri dəvət olunub.

Layihənin əsas məqsədi müasir Azərbaycan və Türkiyə ədəbiyyatında yer alan erməni məsələsini geniş ədəbi mühitdə müzakirə obyektinə çevirərək bu məsələni hər iki ölkə ictimaiyyətinin diqqətində saxlanılmaqdır. Digər bir məqsəd isə hər iki ölkənin ədəbi mühitinin erməni məsələsinə baxışını, bu istiqamətdə hansı dəyərli əsərlərin olduğunu müəyyənləşdirmək və onları ölkə ictimaiyyətinə təqdim etməkdir.

Konfransda Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu çıxış edərək ermənilərin əsrlər boyu Azərbaycan sərvətlərini mənimsədiyi kimi, ədəbiyyatımıza da göz dikdiklərini bildirib: "XIX əsrə qədər ermənilər Azərbaycan ədəbiyyatından istifadə ediblər. 200-ə qədər erməni aşığı Azərbaycan dilində əsər yazırdı. Bu da sübut edir ki, ermənilər tarix boyu Azərbaycan və türk ədəbiyyatının təsiri ilə inkişaf edib. Düşünürəm ki, bu cür konfranslar tez-tez təşkil olunmalıdır. Azərbaycan ədəbiyyatı tarixində bir faktı göstərmək olmaz ki, erməni xalqı təhqir olunsun. Dözümlülük Azərbaycan ədəbiyyatının əsas xüsusiyyətlərindən biridir. Dözümlülükdə o qədər ifrata varılır və bu da bizim ziyanımıza işləyir".

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun isə tarixi faktları dünya ictimaiyyətinə yalnız ədəbiyyatla deyil həm də digər vasitələrlə çatdırılmalı olduğunu bildirib: "Bu gün deyə bilərik ki, Azərbaycan kifayət qədər inkişaf edir. Sevinirik ki, hər zaman Türkiyənin yanında olan Azərbaycan günü-gündən uğurları artır və dünyada öz sözünü deyir. Bu da bizə daha da güc verir. Onu da deyim ki, konfransın keçirilməsi çox vacib idi. Bu gün Ermənistan və onun diasporu tərəfindən tarixin saxtalaşdırılmasının şahidi oluruq. Qeyd edildiyi kimi bizim nə siyasətimizdə, nə də ədəbiyyatımızda ermənilərə nifrət olmayıb. Biz tarixin gerçəklərini ədəbiyyatda əks etdirməliyik".

Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq Fikrət Qoca da söz alaraq layihənin məqsədi müasir Azərbaycan və Türkiyə ədəbiyyatında yer tutan erməni məsələsini geniş ədəbi mühitdə müzakirə obyektinə çevirmək olduğunu bildirib: "Hər iki ölkəni təmsil edən qələm adamlarının bu istiqamətdə hansı dəyərli əsərlərin olduğunu müəyyənləşdirmək və onları ölkə ictimaiyyətinə təqdim etmək lazımdır. Tarix boyu ermənilər Azərbaycan ədəbiyyatından faydalanıblar. Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə öz əsərlərində hər zaman ermənilərin yaltaq, iki üzlü, xəyanətkar olduğunu yazıblar. Bu gün də ermənilərin addımlarına baxdıqda həqiqətən də onlar haqda deyilən sözlər öz təsdiqini tapır".

"Gənclərin Elmi Araşdırmalarına dəstək" İctimai Birliyinin sədri Məmmədəli Babaşlı, Azərbaycan Universitetinin rektoru Eldar Qəhrəmanov və başqaları konfransın vacibliyindən danışaraq mövzu ilə bağlı fikirlərini bildiriblər.

Qeyd edək ki, konfransın ikinci günündə "Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında erməni məsələsi" mövzusunda məruzələr dinləniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə