“Zamanın qaçışı” kamera operası təqdim olunub

“Zamanın qaçışı” kamera operası təqdim olunub

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı dəstəyi ilə "Zamanla üz-üzə" layihəsi çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Zamanın qaçışı" kamera operası təqdim olunub. SİA-nın məlumatına görə, opera 2011-ci ildə İtaliya yazıçısı və dramaturqu Dino Buzattinin "Tatar çölü" romanının motivləri əsasında Hollandiya bəstəkarı Elmer Şenberger tərəfindən yazılıb. Operanın premyerası 2012-ci ildə Hollandiyada olub.

Operanın süjeti daha mənalı həyatın intizarı barədə fikirlər üzərində qurulub. Operanın baş qəhrəmanı, gənc leytenant Ciovanni Droqo ucqar bir çölün sərhədindəki Bastiano istehkamına yola düşür, burada lazımlı olduğunu sübuta yetirməyə çalışır. Deyilənə görə, bu tərəflərdə döyüşkən tatarlar yaşayırlar. O, bütün həyatını tatarların hücumunu gözləyərək yaşayır. Uzun müddət keçəndən sonra Droqo başa düşür ki, ən gözəl illərini mənasız gözləntilərə həsr edib. Halbuki şəhərdəki bütün dostları ailə qurmuş, oğul-uşaq sahibi olmuş, dolğun və mənalı həyat yaşayırlar. Onun isə əsgər yoldaşlarının həmrəyliyindən başqa heç nəyi yoxdur. Nəhayət, tatarlar hücuma keçəndə, Droqo xəstələnir. Qalanın yeni komendantı onu işdən azad edir. Geri qayıdan Droqo mehmanxanaların birində tənhalıq içində dünyasını dəyişir.

Tamaşaya Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solistlər ansamblı cəlb olunub. Tamaşanın solisti Marsel Bekman (Hollandiya), dirijoru Fuad İbrahimov (Azərbaycan), rejissoru Elmer Şenberger (Hollandiya), rəssamı Violet Baudet (Hollandiya), mətni tərcümə edən Elmir Mirzəyevdir.

Qeyd edək ki, ötən ilin dekabrında start götürən "Zamanla üz-üzə" layihəsi 2014-cü ilin axırınadək davam edəcək. Layihənin bədii rəhbəri Əməkdar İncəsənət Xadimi Fərəc Qarayevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə