ADU-da Tələbə Elmi Cəmiyyətinin ənənəvi illik konfransı keçirilib FOTOLAR

ADU-da Tələbə Elmi Cəmiyyətinin ənənəvi illik konfransı keçirilib FOTOLAR

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş Tələbə Elmi Cəmiyyətin (TEC) ənənəvi illik konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransın plenar iclasında ADU-nin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov, universitetin müəllim və tələbə heyəti, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə Universitetin rektoru Səməd Seyidov çıxış edərək elmi mühitin, elmi araşdırmaların ildən-ilə inkişaf etdiyini bildirib: "Ali məktəb digər təhsil müəssisələrindən onunla fərqlənir ki, burada tədris elmlə birlikdə aparılır. Bu birlik nə qədər yüksək səviyyədə inkişaf edirsə, bu tədrisin keyfiyyətinin yüksəlməsinə öz məntiqi bəhrəsini verir. Əgər bir neçə illər bundan öncə tələbələr elmi sahəyə maraq göstərmirdisə, bu gün Universitetin tələbələri, magistrləri öz elmi əsərlərini müxtəlif jurnallarda nəşr etdirir, konfranslarda çıxış edirlər".

Daha sonra Elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov isə konfransın gedişatı haqda məlumat verib: "Plenar iclasda 4 məruzə səslənəcək. 900 məruzənin daxil olduğu konfrans 21 bölmədə öz işini davam etdirəcək. Tələbələr müasir dövr üçün aktual olan məsələlərə rəy və təkliflərini bildirəcəklər".

Pedoqoji fakultənin 411-ci qrup tələbəsi Ziba Nəcəfova "Gənclər siyasətinin inkişafında Heydər Əliyevin rolu", həmin fakültənin 104-ci qrup tələbəsi "Keyfiyyətli təhsil və peşəkar müəllim inkişafı", 335-ci qrup tələbəsi Gülüstan Kərimova "Nanotexnologiyaların tibbdə tədqiqi", Filologiya və Jurnalistika fakültəsinin 213-cü qrup magistri İlahə Əhmədova isə "Bədii ədəbiyyatda postmodernizmin xüsusiyyətləri" mövzusunda çıxış ediblər.

Nəzərinizə çatdıraq ki, TEC-in konfransı aprelin 25-də ADU-nun Heydər Əliyev adına muzey-lektoriyasında öz işini başa çatdıracaq.

Qeyd edək ki, tələbələrin elmi potensialının üzə çıxması, onların elm sahəsində fəallığını istiqamətləndirmək məqsədilə təsis edlən ADU-nun Tələbə Elmi Cəmiyyəti 1960-cı illərdə yaransa da, sonralar fəaliyyətinə xitam verilib. 1998-ci ilin dekabrında isə öz fəaliyyətini yenidən bərpa edib və hər il elmi konfranslar keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə