Gənclər və İdman, Mədəniyyət və Turizm Nazirliklərinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən reallaşdırılan III "Univiziya" Tələbə Mahnı Müsabiqəsinin final mərhələsi Heydər Əliyev adına Sarayda keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən Gənclər və İdman Naziri Azad Rəhimov qeyd edib ki, artıq üçüncü dəfədir ki, baş tutan "Univiziya" Tələbə Mahnı Müsabiqəsi böyük tələbə axınını bir araya gətirir.
Onun sözlərinə görə, bu gün ölkədə reallaşdırılan dövlət gənclər siyasəti, istedadlı gənclərin də inkişafını dəstəkləyir. Yaradıcı, istedadlı, yeni ideyalara açıq gənclər daim diqqət və qayğı ilə əhatə olunub. 14 təhsil müəssisəsinin təmsilçisinin çıxışlarından sonra səsvermə mərhələsi başlayıb.
Qeyd edək ki, səsvermədə ümumilikdə III "Univiziya" Tələbə Mahnı Müsabiqəsində iştirak etmiş 22 təhsil ocağı iştirak edib.
Səsvermənin yekun nəticələrinə görə 168 xalla "ADA" Universitetinin təmsilçisi Günay Bədəlova I yerə layiq görülüb. Eyni xalı (152 xal) topladıqlarına görə Bakı Dövlət və Bakı Slavyan Universitetlərinin təmsilçiləri Əlihüseyn Quluzadə və Kəmalə Novruzova II yeri öz aralarında bölüşdürüblər. 98 xalla Azərbaycan Dövlət Neft Akademiyasının "Old Academy" qrupu III yerə sahib olub. "Tamaşaçıların rəğbəti" nominasiyasında Naxçıvan Dövlət Universitetinin qrupu qalib gələrək, mükafata layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB