"Ora-bura" gedənlərin səssizliyi... FOTO

"Ora-bura" gedənlərin səssizliyi... FOTO

Azərbaycan Dövlət Pantomima Teatrında "Ora-Bura" tamaşası premyeradan sonra repertuara uyğun olaraq nümayiş olunub. SİA-nın xəbərinə görə, tamaşanın abu-havası teatrın foyesindən hiss olunurdu. İzləyicilər teatra daxil olar-olmaz səhnə əsəri haqqında təəssürat yaranır. Foyedə üzərinə "ora" və "bura" sözləri yazılan taxta işarələr, oturacaqlar və köhnədən qalma çamadanlar tamaşanın maraqlı olmasından xəbər verirdi. Səslənən musiqi isə insanı keçmişə aparırdı.

"Ora-Bura" tamaşasının mövzusu insan taleləri, münasibətləri və xatirələri haqqındadır. Səhnə əsərində hadisələr avtobus dayanacağından başlayır. İki kişi və bir gənc qadın əllərində çamadan səbirsizliklə avtobus gözləyir. Avtobusun yubanması onların çamadanda özləri ilə götürdükləri keçmişlərinin, dünyagörüşlərinin açılmasına şərait yaradır.

Tamaşanın daha bir fərqli tərəfi isə obrazlardan birinin sirk artisti olmasıdır. Onun çamadanından çıxan foto klounun xatirələrini canlandırır və həyatını yada salır. Elə səhnə əsərinin bu yerində fotoqraf qadın peyda olur. Yolçular birlikdə şəkil çəkdirir. Şəkil üçün poz verənlər gülümsəyir. Ancaq hər kəsi güldürən klounun simasındakı kədər isə tamaşaçının gözdən qaçmır.

Digər obrazlardan biri ciddi və vicdanlı məmur, xanım isə fatasız gəlinlikdə olan gənc qızdır. Tamaşanın kulminasiya nöqtəsi onun çamadanından fatanın çıxmasıdır. Burada o, kədərli taleyini yol yoldaşları ilə bölüşür. Məlum olur ki, onlar toy günü nikah mərasimindən sonra nişanlısı ilə birgə avtomobil qəzasına düşüblər və bəy dünyasını dəyişib.

Tamaşa yolçuların gözlədiyi avtobusun gəlməsi ilə yekunlaşır. Avtobusun gəlişinə sevinən obrazlar ora-bura qaçır. Avtobusun gəlişi ilə bütün xatirələr də çamadanlarda qalır.

Tamaşadan sonra səhnə əsərinin ideya müəllifi Bəhruz Əhmədli açıqlamasında bildirib ki, tamaşada insanları düşündürən bir çox maraqlı məqamlar var: "Foyenin tamaşaya uyğun dizayn edilməsi də təsadüfi deyil. İzləyicilər foyedə, biz aktyorlar isə səhnədə gözləyir. Hər kəs xəyallara dalır. Kimisə xəyallarında, kimisi yol gedəndə, kimisi oturanda ora-bura gedir. Hər kəsin bir düşünəcəyi var və hamı bilmədiyi yöndə hərəkət edir. Tamaşanın qəhrəmanları da bu vəziyyətdədirlər. Bir məqamı da vurğulamaq istəyirəm ki, tamaşalarımız səssiz olduğundan izləyicilərin əsəri hansı tərzdə qavramağı və başa düşmələri aktyorlar üçün olduqca vacib məsələdir. Çünki bizim teatrın səhnəsi izləyicilərə yaxın olduğundan enerjisi daha tez ala bilirik".

Əməkdar artist, teatrın direktoru və tamaşada kloun rolunu mahircəsinə ifa edən Elman Rəfiyev də tamaşa ilə bağlı fikirlərini bölüşüb: "Kloun obrazında və həmin paltarların içində özümü tamam başqa aləmdə hiss edirəm. Tamaşada ən hərəkətli rolu da mən ifa edirəm, ancaq obrazdan çox həzz alıram. Tamaşada izləyənlər üçün bir çox suallar meydana çıxır və hər kəs fərqli düşünür ki, görəsən qəhrəmanlar avtobusa mindikdən sonra niyə o çamadanlar dayanacaqda qaldı? Bax, tamaşanın da əsas məqsədi burdadır".

Qeyd edək ki, səhnə əsərinin ideya müəllifi və quruluşçu rejissoru Bəhruz Əhmədli, rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı əməkdar artist Elman Rəfiyev, plastik həll üzrə rejissoru xalq artisti Bəxtiyar Xanızadədir. Rollarda əməkdar artistlər Nargilə Qəribova, Elman Rəfiyev, Elnur İsmayılov, Bəhruz Əhmədli, Nurlan Rüstəmov, Əli Əlizadə çıxış edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə