Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq Yazıçısı Anar ilə Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllim və tələbə heyətinin görüşü keçirilib. SİA-nın məlumatına görə, görüşdə kollecin kollektivi ilə yanaşı, Milli Məclisin deputatları, tanınmış ziyalılar, ədəbiyyat və mədəniyyət xadimləri də iştirak ediblər.
Əvvəlcə görkəmli ədibə həsr olunmuş fotoslaydlar nümayiş etdirilib.
Kollecin direktoru, filologiya üzrə elmlər doktoru, professor Nurlanə Əliyeva zəngin ənənələri olan Azərbaycan Dövlət Pedaqoji Kollecinin tarixinə nəzər salmış, burada çalışmış görkəmli maarifpərvər ziyalıları xatırladıb.
Anar yaradıcılığının tədqiqatçılarından olan professor Nurlanə Əliyeva yazıçının keçdiyi ədəbi yol haqqında geniş məruzə ilə çıxış edib. O, "60-cılar" nəslinə mənsub olan Anarı Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrindən biri, mədəniyyətimizin parlaq siması kimi səviyyələndirmişdir.
Bildirilib ki, geniş oxucu auditoriyası qazanan yazıçı əsərləri və həyatdan gələn qəhrəmanları ilə insanları düşündürür, onları mənən zənginləşdirir.
Sonra kollecin tələbələri Anarın əsərləri əsasında hazırladıqları kompozisiyaları təqdim ediblər. Tələbələr "Ötən ilin son gecəsi", "Şəhərin yay günləri" əsərlərindən göstərdikləri səhnəciklərdə qəhrəmanları duyaraq, hiss edərək oynamağı bacarıblar.
"İki dəniz" hekayəsinin yüksək zövqlə, həssaslıqla təqdimatı isə tamaşaçıları Anarın mənəvi dünyasının zənginliyinə qovuşdurub.
Kollecin müəllimi Şəfiqə Həsənovanın Anarın sözlərinə bəstələdiyi "Taksi, gəncliyimə apararsanmı?" mahnısı bu görüşdə ilk dəfə səsləndirilib.
Bu görüşü "mən əsrimin əsəriyəm", - deyən görkəmli yazıçı Anarın yaradıcılığı haqqında mükəmməl təqdimat da hesab etmək olar.
Sonda elə yazıçı özü də görüşdən çox təsirləndiyini, sevindiyini, kövrəldiyini dilə gətirib.
Qeyd edək ki, tədbirin sonunda yazıçı Anara Azərbaycan Dövlət Pedaqoji Kollecinin kollektivi adından hədiyyə təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB