Əməkdar İncəsənət Xadiminin yaradıcılıq gecəsi keçiriləcək

Əməkdar İncəsənət Xadiminin yaradıcılıq gecəsi keçiriləcək

Aprelin 25-də Zığ Qəsəbə Mədəniyyət Evində Əməkdar İncəsənət Xadimi, Prezident təqaüdçüsü, şairə-dramaturq Kəmalə Ağayevanın yaradıcılıq gecəsi keçiriləcək. SİA-nın məlumatına görə, gecədə şairənin şeirləri söyləniləcək, sözlərinə yazılmış mahnılar ifa olunacaq, nağıl-pyesləri əsasında hazırlanmış tamaşalar göstəriləcək.

Tədbirdə, həmçinin şairənin müəllifi olduğu kitablardan və şəxsi arxivindən təqdim etdiyi fotoşəkillərdən ibarət sərgi təşkil ediləcək.

Kəmalə Ağayeva 1937-cı il iyul ayının 10-da Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) fransız dili fakültəsində təhsil alıb.

Şairə-dramaturq 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 30 ilə yaxındır ki, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. O, 20 şeirlər kitabının, 16 mənzum dram əsərinin, 200-dək oçerk və bədii yazıların müəllifidir.

Kəmalə Ağayeva bir çox tərifnamələr, təşəkkürnamələr almış, müxtəlif medallarla və fəxri fərmanlarla, Amerikada isə "Şərəfnamə" ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə