II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək

II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 25-29 iyun 2014-cü il tarixində II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək. SİA-nın məlumatına görə, festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival eyni zamanda, tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi də qarşısına məqsəd qoyub.

Festivala təqdim olunan filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi müəyyən edərək mükafatlandıracaq. I yerə Qızıl mükafat - diplom, mükafat və 2000 avro pul, II yerə Gümüş mükafat - diplom və mükafat, III yerə Bürünc mükafat - diplom və mükafat təqdim ediləcək.

Festivalın ən yaxşı filminə isə QRAN PRİ - diplom, mükafat və 4000 avro pul veriləcək.

BBTFF müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı seminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri və KİV təmsilçiləri arasında mübadilələr həyata keçirəcək.

Dünyanın onlarla ölkəsinin qatıldığı bu festival ölkəmizin turizm potensialının dünyaya tanıdılmasında mühüm rol oynayacaq.

Qeyd edək ki, BBTFF mənzil qərargahı Vyana şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür. Festivalla bağlı daha ətraflı məlumatı www.bitff.az veb-saytından əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə