Azərbaycan Milli Komitəsinin təsis edilməsi üzrə təşəbbüs toplantısı keçirilir

Azərbaycan Milli Komitəsinin təsis edilməsi üzrə təşəbbüs toplantısı keçirilir

Bu gün "Park İNN" otelində Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (İCOMOS) Azərbaycan Milli Komitəsinin təsis edilməsi üzrə təşəbbüs toplantısı öz işinə başlayıb. SİA-nın məlumatına görə, toplantıda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın preidenti Qustavo Araoz, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev, Azərbaycan Respublikası Memarlıq İttifaqının sədri Elbay Qasımzadə, Romualdo del Bianko Fondunun Prezidenti Paolo del Bianko, Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın Baş katibi Kirsti Kovanen, media nümayəndələri və başqaları iştirak ediblər.

Toplantıda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə mövcud olan tarixi abidələr və mədəni irs nümunələri barədə məlumat verib: "Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bir neçə qoruq yaradılıb. Azərbaycanda mədəni irs nümunələrinin qorunması istiqamətində xüsusi dövlət proqramı təsdiq olunub. Azərbaycanda tarixi və mədəni irsin qorunması cəmiyyətin prioritet vəzifəsidir. Mədəni irsin qorunması sahəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri də danılmazdır. Heydər Əliyev Fondu tərəfindən ölkədə və dünyada mədəni irs nümunələrinin qorunması istiqamətində mühüm işlər aparılır.

Azərbaycan abidələri artıq beynəlxalq səviyyədə tanınır. Geniş ictimaiyyət tərəfindən Azərbaycanda Tarixi Abidələrin qorunması, qoruqların fəaliyyəti diqqət mərkəzindədir. Biz mütamadi olaraq bu məsələ ilə məşğul oluruq. Hazırda Azərbaycanda tarixi abidələrin vəziyyətini yenidən təhlil edirik. Şəhərin yol infastrukturunun genişləndirilməsi, həmçinin yeni aşkar olunan tarixi abidələrin fəaliyyəti, onların köçürülməsi, harada saxlanılması barədə lazımı təkliflər hazırlanır. Azərbaycanın tarixi irsinin qorunması üzrə görüləcək işlər hələ qarşıdadır".

Daha sonra İCOMOS-un yaranması və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Nəzərinizə çatdıraq ki, İCOMOS mədəni irs yerlərin qorunub saxlanması və konservasiyasına xidmət edir. İCOMOS memarlıq və arxeoloji irsin konservasiyası üçün nəzəri, metodoloji və elmi üsulların tətbiqinin stimullaşdırılması üzrə ixtisaslaşmış yeganə qlobal QHT-dir. İCOMOS –un üzvləri mədəni irsin qorunması, hər növ mədəni irs mülkiyyətinin – binaların, tarixi şəhərlərin, mədəni landşafların və arxeoloji yerlərin saxlanılması, standartlarını və üsullarını təkmilləşdirirlər.

Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın preidenti Qustavo Araoz çıxış edərək Azərbaycandakı abidələrin qorunması və bərpasına xüsusi diqqət yetirildiyini bildirib: "UNESCO-nun Dünya İrsi Mərkəzinin məşvərətçi orqanı olan və 100-dən çox milli komitəni, 30-dək beynəlxalq elmi komitəni və 12 min nəfərə yaxın fərdi üzvü özündə birləşdirən İCOMOS memarlıq və arxeoloji abidələrin mühafizəsi sahəsində elmi-metodoloji yanaşmanın tətbiqi üzrə ixtisaslaşmış yeganə dünya miqyaslı qeyri-hökumət təşkilatıdır. İCOMOS-un təklifi və UNESCO-nun Baş Assambleyasının tövsiyələri əsasında 18 aprel hər il dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd edilir. Bunun əsas məqsədi cəmiyyət arasında mədəni irsin insan həyatındakı rolunu təbliğ etmək və irsin mühafizəsi istiqamətində imkanları səfərbər etməkdir".

Qeyd edək ki, toplantı öz işini məruzələrlə davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə