“İçərişəhərin dünya əhəmiyyətli abidələri” mövzusunda konfrans keçirilib

“İçərişəhərin dünya əhəmiyyətli abidələri” mövzusunda konfrans keçirilib

Bakıda 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş "İçərişəhərin dünya əhəmiyyətli abidələri" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, Abidələr və Tarixi Yerlər Günü UNESCO-nun təşəbbüsü ilə 1982-ci ildən başlayaraq hər il aprelin 18-də qeyd edilir.

Konfransı giriş sözü ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev açıb. O, qeyd edib ki, İçərişəhərdə yerləşən tarixi abidələrin qorunub saxlanması və bərpası üzrə həyata keçirilən geniş miqyaslı işlər Prezident İlham Əliyevin xalqımızın milli-mədəni irsinə diqqəti və qayğısı sayəsində mümkün olub. Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu da Azərbaycanın, o cümlədən zəngin tarixi-memarlıq irsimizin incilərindən biri olan İçərişəhərin mədəni sərvətlərinin qorunub saxlanması və təbliğində çox böyük rol oynayır.

2006-cı ilin avqustun 18-də Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində tarixi-memarlıq abidələrinin bərpası və qorunması haqqında" Sərəncam imzalamışdır. Bu sərəncamın icrası çərçivəsində İçərişəhərin ərazisində yerləşən abidələrin bərpası və konservasiyası üzrə xeyli iş görülüb.

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Bakının tarixi mərkəzinin konservasiyası üzrə Baş Plan"a uyğun olaraq 2009-cu ildə Qız Qalasında konservasiya işləri başlanıb.

Konservasiya işləri avstriyalı məşhur bərpaçı-mütəxəssis, dünyanın müxtəlif guşələrində 400-dən çox abidəni bərpa etmiş Erix Pummerin rəhbərliyi ilə yerli və xarici mütəxəssislər tərəfindən həyata keçirilib.

Konservasiya prosesini müşayiət edən elmi araşdırmalar abidənin tarixinin öyrənilməsinə və onun təyinatının aşkar edilməsinə töhfələr verib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konfrans iştirakçılarını salamlayaraq qeyd edib ki, ölkəmizdə tarixi irs obyektlərinin qorunub saxlanması və onlara qayğıkeş münasibət problemi həmişə diqqət mərkəzində olub. Ə.Qarayev bildirib: "Artıq indi etiraf etmək olar ki, İçərişəhər həqiqətən Azərbaycanın turizm və mədəniyyət mərkəzinə çevrilib".

Nazir bu mühüm işə göstərilən diqqət və dəstəyə görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbəy Qasımzadə də konfrans iştirakçılarını salamlayıblar.

Sonra mövzu üzrə məruzələr oxunub.

Azərbaycan Müəlliflik Hüquqları Agentliyinin sədri Kamran İmanov "Xunzar-Günzar (Qız Qalası) – ümumqafqaz fenomenidir" mövzusunda, avstriyalı məşhur bərpaçı-mütəxəssis, "Atelier Erich Pummer GmbH" şirkətinin rəhbəri Erix Pummer "Dünya əhəmiyyətli məşhur Qız Qalası və Məhəmməd məscidi abidələrinin konservasiyası" mövzusunda məruzələrlə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə