Türkiyədə Əli bəy Hüseynzadənin 150 illiyi qeyd olunub

Türkiyədə Əli bəy Hüseynzadənin 150 illiyi qeyd olunub

İstanbulda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY, ölkəmizin İstanbuldakı baş konsulluğu və İstanbul Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin 150 illiyi münasibətilə tədbirlər keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Əvvəlcə nümayəndə heyəti Əli bəy Hüseynzadənin Üsküdardakı Karacaahmet qəbiristanlığındakı məzarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri qoyublar. Mərasimə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, ölkəmizin İstanbuldakı baş konsulluğunun əməkdaşları, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə ictimaiyyətinin tanınmış simaları, elm, mədəniyyət xadimləri, müxtəlif təhsil ocaqlarının müəllim və tələbələri, media nümayəndələri qatılıblar.

Daha sonra İstanbul Universitetinin İncəsənət bölümünün Kuyucu Murad Pasa Mədrəsəsinin salonunda böyük mütəfəkkirin zəngin həyat və fəaliyyətini əks etdirən fotosərginin açılışı olub, sənədli film nümayiş etdirilib. Əli bəy Hüseynzadənin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın və Türkiyənin dövlət himləri səsləndirilib.

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev görkəmli maarifçinin çoxşaxəli fəaliyyətinin bütün ziyalılar üçün örnək, hər bir türk övladı üçün qürur mənbəyi olduğunu deyib. Bildirilib ki, Əli bəy Hüseynzadənin həyat və yaradıcılığının iki qardaş ölkə üçün ortaq sərvətə çevrilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" ideyasına ən gözəl nümunələr sırasındadır. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycanın görkəmli şəxsiyyətlərinin, o cümlədən Əli bəy Hüseynzadənin yubileyinin qeyd olunması ölkəmizin mədəni irsini yaşatmaq və tanıtmaq ənənələrini formalaşdırıb.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxışında həyatını bəşəri dəyərlərə sərf edən Əli bəy Hüseynzadənin irsinin öyrənilməsini türkdilli xalqların keçmişinə verilən yüksək qiymət, bu günümüzün və gələcəyimizin inkişafına göstərilən qayğı kimi dəyərləndirib.

İstanbul Universitetinin prorektoru, professor Şəfəq Sahir Qaramehmetoğlu Əli bəy Hüseynzadənin bu təhsil ocağında fəaliyyətindən danışıb, onun irsinin təhsil ocağının ən qiymətli elmi sərvəti olduğunu bildirib.

Ölkəmizin İstanbuldakı bas konsulluğunun konsulu Kənan Murtuzov Əli bəy Hüseynzadənin qoyduğu unudulmaz izlərin bütün türkdilli xalqlar üçün iftixar mənbəyi olduğunu bildirib.

Çıxışlardan sonra Düsen Kaseinov iştirakçılara TÜRKSOY-un Əli bəy Hüseynzadənin şəkli olan xatirə hədiyyələri və təşəkkürnamələrini təqdim edib. Əməkdar artist Anar Şuşalı "Çıpınırdın, Qara dəniz" və "Ölkəm" mahnılarını ifa edib, Azərbaycan Akademik Milli Dram Teatrının aktrisası Şəhla Əliyeva Əli bəy Hüseynzadənin şeirlərindən parçalar səsləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə