Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası turizm nazirlərinin I toplantısı
Bu gün Türkiyənin İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası turizm nazirlərinin I toplantısı keçirilir. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
İclas cari ilin yayında Türkiyədə keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası üzv dövlətlərinin Dövlət Başçılarının IV Zirvə Toplantısına hazırlıq xarakteri daşıyır. Nazirlərin görüşündən bir gün öncə Türk Şurasının turizm üzrə işçi qrupunun ikinci iclası keçirilib.
Turizm nazirlərinin görüşünün keçirilməsində məqsəd tarixi İpək Yolu üzərində yerləşən və quruma üzv ölkələr arasında turizm sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, xalqların tarixi-mədəni mirasları ilə təbii gözəlliklərinin təbliğinin gücləndirilməsidir. Gündəlikdə İpək Yolu üzərində ortaq turizm paketinin özəl sektorla əməkdaşlıq içərisində reallaşdırılması, peşə təhsili, üzv və üçüncü ölkələrdə müştərək turizm sərgilərinin, infoturların təşkili və s. məsələlər yer alıb. Görüşdə Turizm sahəsində əməkdaşlığa dair Protokol imzalanıb.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti sammiti turizm mövzusuna həsr olunacaq. Bu təşəbbüs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qurumun ötən ilin avqustunda Qəbələdə keçirilən III zirvə toplantısında irəli sürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB