Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi- Metodiki Mərkəzi Teatr Xadimləri İttifaqı ilə birgə rayon xalq teatrlarının bədii rəhbərləri və rejissorlarının iştirakı ilə "Müasir repertuarın xalq teatrında rolu" mövzusunda seminar keçirilib. SİA-nın məlumatına görə, seminarda Mədəniyyətşünaslıq üzrə Elmi – Metodiki Mərkəzin direktoru Vilayət İsmayılov, Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq şöbəsinin müdiri Çingiz Ələsgərli, xalq artistləri İlham Namiq Kamal, Tariyel Qasımov, Mərahim Fərzəlibəyov, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin rejissoru Məhərrəm Bədirzadə, Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev, mədəniyyət xadimləri, media nümayəndləri və başqaları iştirak ediblər.
Seminarı Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Vilayət İsmayılov açaraq xalq teatrlarında kifayət qədər çatışmamazlıqların olduğunu diqqətə çatdırıb: "Teatrların inkişafına hər kəs öz töhfəsini verməlidir. Xalq teatrları dövrün tələblərinə uyğun repertuar seçməlidir. Xalq teatrlarında araşdırmalarımızın nəticələri də heç uğurlu olmadı. Gələcəkdə xalq teatrlarında müsabiqələr keçirməyi, həmçinin gələn il bunu genişləndirib festivallar da təşkil etməyi düşünürük".
Daha sonra Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq şöbəsinin müdiri Çingiz Ələsgərli çıxış edərək kollektivdə peşəkarlığın artırılmasında repertuarın düzgün seçilməsinin lazım olduğunu bildirib: "Bir müddət bundan əvvəl xalq teatrları yüksək səviyyədə inkişaf edirdi. Bildiyiniz kimi, bəzi xalq teatrları dövlət teatrlarına çevrildi. Əgər xalq teatrlarının inkişafı istiqamətində nə isə etmək istəyiriksə ilk öncə repertuarı doğru seçməliyik. Əgər repertuar 3-5 il davam etsə kollektivdə də peşəkarlıq öz sözünü deyəcək".
Azərbaycanın xalq artisti İlham Namiq Kamal da söz alaraq xalq teatrlarının inkişafında rayon icra hakimiyyətinin humanitar sahəsinin nümayəndələrinin köməyinə ehtiyac duyulduğunu dilə gətirib: "Hər bölgənn icra başçısı və humanitar sahənin nümayəndələri xalq teatrlarına məhəbbətlə yanaşmalıdır. Əks halda xalq teatrları öz varlıqlarını itirəcək. Düşünürəm ki, teatrlarımız müasir əsərlərə də yer verməlidirlər. Çünki insanlar tamaşalarda onların qarşılaşdığı problemləri və ya hadisələri görmək istəyirlər. Sonda onu da xüsusuilə diqqətinizə çatdırım ki, teatrlara gəncləri dəvət etməyi də unutmamalıyıq"
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin rejissoru, Əməkdar İncəsənət xadimi Məhərrəm Bədirzadə "Xalq teatrlarının inkişaf problemləri" mövzusunda məruzə ilə çıxış edib: "Mən düşünürəm ki, teatrlarda klassikadan daha çox istifadə olunmalıdır. Xalq teatrlarına marağı artırmaq üçün həmin teatrın direktorlarına müəyyən qədər məvacib də ödənilməlidir. Çünki o zaman aktyorlarda işləməyə həvəs olacaq. Pula ehtiyacı olan aktyor çox zaman xalq teatrlarından kənara qaçırlar. Xalq teatrlarına maddi yardım olunarsa biz inkişaf barədə rahat danışa bilərik. Sonda onu da diqqətinizə çatdırım ki, ayda bir dəfə 30-35 dəqiqəlik xalq teatrlarının inkişafı üçün səhnə hazırlayacağam".
Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd regionlarda fəaliyyət göstərən xalq teatrlarının inkişaf səviyyəsini daha da yüksəltmək, işlərini müasir dövrün tələblərinə uyğun qura bilmələri üçün bədii rəhbər və rejissorlara əməli kömək göstərməkdən ibarətdir.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB