Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, xalq artisti Şəfiqə Axundovanın 90 illiyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə foyedə sənətkara həsr edilmiş fotosərgi ilə tanış olublar.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək istedadlı bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafı istiqamətində yorulmaz fəaliyyətindən, yaratdığı əsərlərdən, insani keyfiyyətlərindən geniş söz açıb: "Görkəmli bəstəkar Şəfiqə Axundova Azərbaycan musiqisinin ustad novatorlarından olub. Şəfiqə Axundova musiqi sənətinə dahi bəstəkar Üzeyir Hacıbəylinin xeyir-duası ilə gəlib və bununla həmişə fəxr edib, onun tələbəsi olmasından qürur hissi keçirib. O, Üzeyir bəyin bir arzusunu da həyata keçirərək, opera janrına üz tutub. Şəfiqə Axundova "Gəlin qayası" operası ilə öz adını mədəniyyət salnaməsinə Şərq aləmində opera yazan ilk qadın bəstəkar kimi həkk etdirib. Bu əsər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında özünə daim layiqli yer tutub. Şəfiqə Axundova həm də bir pedaqoq kimi ömrünün böyük bir hissəsini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirib, öz təcrübəsini, sənətinin incəliklərini tələbələrə böyük həvəslə öyrədib. Demək olar ki, özünü musiqinin bütün janrlarında sınayıb və uğur qazanıb. Lakin bəstəkarın qəlbi daim vokal musiqisi ilə bağlı olmuş, yaradıcılığı boyu 600-dən çox mahnı bəstələyib. Bu mahnılar Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova və digər korifey sənətkarlarımızın repertuarlarında əsas yer tutub və bu gün də sevilə-sevilə ifa olunur.
Görkəmli bəstəkar Şəfiqə Axundovanın musiqi mədəniyyətimizin inkişafı sahəsində böyük xidmətləri yüksək qiymətləndirilib. O, Xalq Artisti fəxri adına, orden və medallara layiq görülüb, müstəqil Azərbaycanın ali dövlət mükafatı – "Şöhrət" ordeni ilə təltif edilib. Yüksək insani keyfiyyətlərə malik olan Şəfiqə Axundova ömrünün axırınadək öz sənətinə, peşəsinə vurğunluğunu qoruyub saxlayıb".
Qeyd edək ki, gecədə Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin ifasında bəstəkarın əsərləri səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB