M. S. Ordubadinin ev-muzeyində görkəmli yazıçı-dramaturq, teatr, kino xadimi, tərcüməçi və rejissor Cəfər Cabbarlının 115 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə muzeyin foyesindəki C. Cabbarlı guşəsinə baxıblar.
Muzeyin direktoru Lalə Abaszadə C. Cabbarlının görkəmli yazıçı-dramaturq, teatr və kino xadimi, tərcüməçi, şair, jurnalist kimi xidmətlərindən danışıb.
Filologiya üzrə elmlər doktorları - C. Cabbarlı irsinin tədqiqatçısı Asif Rüstəmli, professor Himalay Qasımov və başqaları XX əsr Azərbaycan dramaturgiyasında, teatrında, kinosunda ilklərə imza qoyan qüdrətli sənətkarın həm də jurnalistlik və tərcüməçilik fəaliyyətindən söhbət açıblar.
Əməkdar İncəsənət Xadimi, kinoşünas Aydın Kazımzadə bildirib ki, erməni-müsəlman qırğınını, neft və milyonlar şəhəri olan Bakının kəşməkəşli həyatını əsərlərində böyük ustalıqla əks etdirmiş C. Cabbarlı ilk dəfə olaraq azərbaycanlı qızı İzzət Orucovanı kino ekranına və teatr səhnəsinə gətirməyə nail olub.
Ədib tərcüməçi kimi də eyni fədakarlıqla Azərbaycan səhnəsində Şekspirin "Otello"sunu, Şillerin "Qaçaqlar"ını və digər xarici ölkələrin yazıçılarının əsərlərini azərbaycanlı teatrsevərlərə tanıdıb.
Tədbirdə böyük ədibin poeziyasından nümunələr və şeirlərinə yazılmış mahnılar səsləndirilib.
Qeyd edək ki, sonda dramaturqun nəvəsi Qəmər Seyfəddinqızı babasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB