Dəyəri bilinməyən əsərlər sahibinə qaytarılır

Dəyəri bilinməyən əsərlər sahibinə qaytarılır

Dünya kütləvi informasiya vasitələrində xəbər verildiyi kimi, 2012-ci il fevralın 28-də münxenli pensiyaçı Kornelius Qurlittin mənzilində dünya təsviri sənət şedevrləri aşkar edilib. Ümumi sayı 1280-ə bərabər olan bu əsərlər arasında Pablo Pikasso, Mark Şaqal və başqa tanınmış rəssamların fırçalarının məhsulları vardı. Həmin əsərlər müsadirə edilmiş, pensiyaçıya qarşı cinayət işi qaldırılıb.

Kornelius Qurlitt vergiləri ödəməkdən yayınmaqda və başqasının əmlakını mənimsəməkdə şübhəli hesab edilirdi. Ekspertlərin fikrincə, Qurlittin kolleksiyasındakı əsərlərin təxminən 500-ü "Üçüncü Reyx" dövründə yəhudilərin irqi mənsubiyyətə görə təqib edildiyi vaxt nasistlər tərəfindən həmin əsərlərin əvvəlki sahiblərinin əlindən alınıb.

Aprelin 9-da dpa informasiya agentliyi Bavariya prokurorluğuna istinadla bildirib ki, həmin iş üzrə təhqiqatın gedişində aşkar edilmiş yeni faktlar hadisəyə yeni mövqedən hüquqi qiymət verməyə və rəsm əsərlərinin pensiyaçıya qaytarılması haqqında qərar çıxarmağa əsas verir.

Kornelius Qurlitt bazar ertəsi, aprelin 7-də Almaniya hökuməti ilə saziş imzalayaraq, kolleksiyasındakı rəsm əsərləri hətta onun mülkiyyətinə qaytarılandan sonra da ekspertlərə bu əsərlərin mənşəyini aydınlaşdırmaq üçün könüllü imkan yaratmağa, əsərlərin qanuni sahibləri aşkar ediləcəyi təqdirdə isə onları qeyd-şərtsiz həmin şəxslərə verməyə hazır olduğunu bildirib.

Dünya rəssamlığının həqiqi şedevrləri olan bu 500 əsərin ümumi dəyərini təyin etmək mümkün deyil: hər biri son dərəcə qiymətli olan bu əsərlərin ümumi dəyəri sözün həqiqi mənasında astronomik məbləğ olardı. Bu işi görməyi heç bir qiymətqoyan öz öhdəsinə götürməyə cürət etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə