Şirvanşahlar Sarayı Kompleksinin yeni muzey ekspozisiyası yaradılıb
Şirvanşahlar Sarayı Kompleksi dövlət tarix-memarlıq qoruq-muzeyinin ekspozisiyası yenidən qurulub. SİA-nın məlumatına görə, ekspozisiyada ayrı-ayrı fondlarda saxlanılan dəyərli maddi-mədəniyyət nümunələri nümayiş olunur.
Şirvanşahlar Sarayı Kompleksi tarixində ilk dəfə qonaqları dünya standartlarına cavan verən müasir muzey ekspozisiyası ilə qarşılayır. Ekspozisiyanın hazırlanması prosesində abidənin tarixi, memarlıq xüsusiyyətləri, saray həyatı və burada yaşamış hökmdarlar haqqında elmi tədqiqatlar aparılmış, müvafiq məlumatlar toplanaraq sistemləşdirilib. Ekspozisiyanın yaradılmasına yerli və xarici mütəxəssislər cəlb olunublar.
Ekspozisiyada keçmişi qorumaqla müasir elementlərdən də istifadə edilib. Bu məqsədlə videoproyeksiya, animasiyalı multimedia, audio və videotəqdimatlardan da geniş istifadə olunub. Bununla yanaşı, qonaqlar ilk dəfə multimedia bələdçilərindən faydalana bilirlər.
Muzeydə, həmçinin dövrün şəhər memarlığı, etnoqrafiya, musiqi, xəttatlıq, arxeologiya kimi maraqlı mövzular təqdim olunur. Bundan əlavə, taxt-tac salonunda 3D formatında taxtın elektron görünüşü vardır. Yaxın vaxtlarda taxtın maketi də hazırlanıb qoyulacaq.
Ekspozisiyanın təqdimatı, muzeydə nümayiş olunan eksponatlar və videomateriallar Şirvanşahlar dövründəki ab-havanı, interyer elementlərini təsəvvür etməyə imkan yaradır.
Yeni muzey ekspozisiyası, həmçinin Saray Kompleksinin ikimərtəbəli yaşayış binasının əvvəllər bura gələnlər üçün bağlı olan aşağı mərtəbəsini də əhatə edir. Burada təqdim olunan Şirvanşahların məişət tarixinin həcmli animasiyalı modeli muzeyə gələnlərdə xüsusi maraq doğurur.
Qeyd edək ki, muzey ekspozisiyasının hazırlıq mərhələsində Saray Kompleksinə daxil olan yaşayış binasının divarlarının əzəli daş hörgüsü də bərpa edilmiş, ərazidə abadlıq işləri aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB