“Azərbaycan mədəniyyətində Əli bəy Hüseynzadə fenomeni” FOTOLAR

“Azərbaycan mədəniyyətində Əli bəy Hüseynzadə fenomeni” FOTOLAR

Bu gün "Park İNN" mehmanxanasında görkəmli maarifçi, yazıçı-publisist və ictimai xadim Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr edilmiş "Azərbaycan mədəniyyətində Əli bəy Hüseynzadə fenomeni" mövzusunda "dəyirmi masa" keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru, professor Vilayət İsmayılov, "Ədəbiyyat qəzeti"nin baş redaktorunun müavini Azər Turan, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məsməxanım Qubadova, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Vilayət İsmayılov açaraq Əli bəy Hüseynzadənin bütün ömrünü xalqının elmə, təhsilə yiyələnməsinə həsr etdiyini bildirib: "Həyatının çətinliklər içərisində olmasına baxmayaraq Əli bəy Hüseynzadə heç zaman iradəsindən dönməyib".

Daha sonra "Ədəbiyyat qəzeti"nin baş redaktorunun müavini Azər Turan "Əli bəy Hüseynzadə və milli kimlik məsələsi" mövzusunda çıxış edib: "Ə.Hüseynzadə ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ etmiş, türkün tərəqqisi naminə öz parlaq istedadının bütün gücü ilə çarpışıb. XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəmiyyətli rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur. "Füyuzat" jurnalı və onun redaksiya heyətinin xidmətləri bu mənada diqqətəlayiqdir".

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən təşkil edilmiş tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında" 2014-cü il 21 yanvar tarixli Sərəncamına əsasən təşkil edilib.
Tədbirdə Əli bəy Hüseynzadə XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan və eyni zamanda türk xalqlarına yol göstərən və müxtəlif elm sahələrində dəyərli əsərlər yaradan tarixi şəxsiyyət kimi xarakterizə edilib.

Qeyd edək ki, sonda "dəyirmi masa" müzakirələrlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə