Görkəmli bəstəkarın xatirəsi yad edilib

Görkəmli bəstəkarın xatirəsi yad edilib

Dünən Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə görkəmli bəstəkar Asəf Zeynallının 105 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. SİA-nın məlumatına görə, məktəbin direktoru Elxan Məmmədov bəstəkarın həyat və yaradıcılığından söhbət açıb. Bildirilib ki, Azərbaycan musiqi tarixində ilk romans janrının yaranması Asəf Zeynallının adı ilə bağlıdır.
Asəf Zeynallı, həmçinin Cəfər Cabbarlının "Sevil", "Qayıdış" və bir sıra başqa tamaşalara musiqi bəstələyib. Görkəmli bəstəkar "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoyub. O, həmçinin bir neçə Azərbaycan xalq mahnılarını nota alıb.
Çıxış edənlər vurğulayıblar ki, Azərbaycan xalqı yaradıcılığının çiçəkləndiyi dövrdə- 1932-ci ildə ağır xəstəlikdən vəfat etmiş görkəmli bəstəkarın xidmətlərini unutmayıb. Hazırda Bakı Musiqi Kolleci və paytaxtın küçələrindən biri bəstəkarın adını daşıyır.

Qeyd edək ki, sonda Bakı Musiqi Akademiyasının tələbələrinin və məktəbin şagirdlərinin ifasında bəstəkarın ölməz əsərləri səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə