Ağstafa şəhərindəki Heydər Əliyev Muzey-Mərkəzində tanınmış aktyor, xalq artisti, Prezident təqaüdçüsü Tariyel Qasımovun 75 illik yubileyi münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Özbəkistanda yaşayıb-yaradan kinorejissor Eldar Məmmədov, şairlərdən Saqif Qaratorpaq, Barat Vüsal, şairə Cığatel İsa qızı, Əməkdar Artist Cəfər Namiq Kamal, mədəniyyət xadimləri və başqaları iştirak edib.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev açaraq Azərbaycanın teatr və kino sənətinin inkişafında Tariyel Qasımovun böyük əməyinin olduğunu bildirib: "Ağstafada doğulub boya-başa çatmış aktyorun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. O, Azərbaycanın xalq artisti adına layiq görülüb. Tariyel Qasımov bu gün də milli teatr və kinomuzun inkişafına, gənclərimizin aktyorluq sənətinə yiyələnməsinə öz töhfələrini verir".
Tədbirdə mədəniyyətimizin inkişafı sahəsində göstərdiyi xidmətlərinə görə yubilyara Ağstafa Rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim edilib.
Sonra Tariyel Qasımovun həyat və yaradıcılığına həsr olunmuş qısametrajlı film nümayiş olunub.
Tədbir mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri konsert proqramı ilə davam etdirilib.
Qeyd edək ki, sonda xalq artisti Tariyel Qasımov çıxış edərək yaradıcılığına verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB