Bu gün Bakı Expo Mərkəzində "AİTF 2014" XIII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər və VIII Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar sərgisinin açılış mərasimi olub. SİA-nın məlumatına görə, sərgidə Azərbaycan, Almaniya, Gürcüstan, Niderland Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Türkiyə və İsveçrədən olan aparıcı şirkətlər iştirak edir.
Təqdimat mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək tədbirin mahiyyəti haqda məlumat verib: "Bu sərgi II dəfə keçirilən Ümumdünya Turizm Təşkilatının Avropa Komissiyasının iclası ilə eyni vaxta düşdüyünə görə, Avropanın bir çox nazirləri də burada iştirak edir. Xüsusilə diqqətinizə çatdırım ki, Ümumdünya Turizm Təşkilatının sədri cənab Taleb Rifai də bizimlə bərabərdir. Düşünürəm ki, iki gün müddətində keçiriləcək müxtəlif tədbirlər Azərbaycanın turizminin tanıdılmasında ikitərəfli Beynəlxalq əlaqələrin formalaşmasına və inkişafına böyük təsir göstərəcək. Bununla da mən hər kəsi Azərbacanda və xaricdə sağlam səyahətə dəvət edirəm".
Taleb Rifai də söz alaraq Azərbaycanın bu üzvülükdən tam sağlam çıxacağını diqqətə çatdırıb: "Əminəm ki, bu əməkdaşlıqla biz daha müsbət nəticələr əldə edəcəyik. Azərbaycanın imicinin dünya səviyyəsində daha da yüksəlməsi istiqamətində ölkədə lazımi addımlar atılır".
Daha sonra sərgini açılış lenti kəsilib.
Sərginin ekspozisiyası uğurlu biznes üçün lazım olan bütün avadanlıqlar, ləvazimatlar, turizm obyektləri haqda ətraflı nümayiş olunub. "Bütün Dünya - Bir Sərgi" şüarı altında "AİTF 2014" sərgisində dünyanın 38 ölkəsindən eksklüziv turizm təklifləri ilə çıxış etməyə hazır olan 351 iştirakçını qəbul edir.
Bu sərgi Azərbaycanda artıq II dəfə keçirilən Ümumdünya Turizm Təşkilatının Avropa Komissiyasının iclası ilə üst-üstə düşüb. Sərgi çərçivəsində iştirakçı şirkətlər yüksək səviyyəli turizm xidmətləri üzrə müasir təmayülləri və yeni texnologiyaları, istehsalçıların konseptual tapıntılarını, habelə yüksək keyfiyyətli servis və peşəkar etika standarları nümayiş olunub.








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB