Cahangir Novruzov: "Lütfəli Abdullayev repressiya zamanı insanların həyatını xilas etdi" FOTOLAR

Cahangir Novruzov: "Lütfəli Abdullayev repressiya zamanı insanların həyatını xilas etdi" FOTOLAR

Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqının və Azərbaycan Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə Xalq Artisti, Dövlət Mükafatı laureatı Lütfəli Abdullayevin 100 illik yubileyi qeyd edilib. SİA-nın məlumatına görə, yubileydə xalq artistləri Teatr Xadimləri İttfaqının (TXİ) sədri Azər Paşa Nemətov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Cahangir Novruzov, Afaq Bəşirqızı, Fəxrəddin Manafov, Elxan Qasımov, Suğra Bağırzadə, əməkdar artist Rəhman Rəhmanov və başqaları iştirak edib.

Tədbiri giriş sözü ilə Teatr Xadimləri İttfaqının (TXİ) sədri Azər Paşa Nemətov açaraq Lütfəli Abdullayevin Azərbaycan mədəniyyətinə bəxş etdiyi bir-birindən gözəl danışıb: "Lütfəli Abdullayev hər zaman təkrarsız obrazları ilə insanların sevgisini qazanıb. O, hətta bir salamı ilə də insanların üzündə təbbəssüm yaratmağı bacaran sənətkar olub".

Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli də söz alaraq unudulmaz sənətkarımız haqda xatirələrini danışıb: "Lütfəli Abdullayev gözəl sənətkar olmaqla yanaşı, həm də xeyirxah insan idi. O, çalışırdı ki, hər kəsə əlindən gəldiyindən də çox yardım etsin. L. Abdullayev heç kimdən qarşılıq gözləmədən kömək edirdi. Onun səmimiliyi, dürüstlüyü, sədaqəti və səxavəti danılmaz faktdır. Onu da deyim ki, hətta Lütfəli Abdullayevin adını çəkəndə belə insanın üzündə gülüş yaranır".

Daha sonra xalq artisti Cahangir Novruz çıxış edərək Türkiyədən Bakıya yalnız Lütfəli Abdullayevin yubileyi üçün gəldiyini diqqətə çatdırıb: "Bildiyiniz kimi Nəsibə Zeynaova tək övlad olub. Amma Lütfəli Abdullayev Nəsibə xanımın qardaşı, mənim isə dayımdır. Mən L.Abdullayevin 100 illik yubileyi münasibəti ilə buradayam. Onun qızları məndən xahiş etdilər ki, Lütfəli Abdullayevin 100 illik yubileyini mən aparım. Bunu başqa cür də təssəvvür etmirdim. Lütfəli Abdullayev Azərbaycan komediyasını yüksəkliyə qaldıran sənətkar olub. Səmimi dost, gözəl insan, yaxşı ata, həyat yoldaşı, sənət dostu olub. Onu da xüsusilə diqqətiniə çatdırım ki, represiyada Lütfəli Abdullayevin bir xahişi ilə bəzi insanların həyatı xilas edilib. Sanki Azərbaycan komediyası Lütfəli Abdullayevin simasında cəmlənib. Sevinirəm ki, Azərbaycan bu cür şəxsiyyətə sahib olub".

Xalq artisti Afaq Bəşirqızı Lütfəli Abdullayevi Bəşir Səfəroğlunun həyatında ən önəmli insan olduğunu bildirib: "Lütfəli Abdullayev çox əliaçıq insan olub. O, bir çox aktyorlar yetirib. Onu deyə bilərəm ki, L.Abdullayevdə paxıllıq hissi yoxdur. Hər kəsdə müəyyən qədər qısqanclıq olsa da bu xüsusiyyətin görkəmli sənətkarımızdan tamamilə uzaq olub. O, atam ilə çox yaxın dost olublar. L.Abdullayev kiçik epizodik obrazlarda belə baş rol ifaçılarını kölgədə qoyan aktyor olub. Azərbaycan Musiqili Teatrın inkişafında və yüksəlişinə həsr edən bu qüdrətli aktyor hələ sağ ikən könüllərdə özünə əbədi heykəl ucaldıb".

Xalq artisti Elxan Qasımov da söz alaraq bu cür şəxsiyyət və peşəkar aktyorla çiyin-çiyinə çalışdığı üçün xoşbəxt olduğunu bildirib: "Mən Lütfəli Abdullayevlə "Əhməd haradadır?" filmindən sonra daha yaxından tanıdım. Hər bir sənətkar hər hansı bir obrazla sevilir və tanınır. Amma Lütfəli Abdullayev bütün obrazları ilə tamaşaçıların yaddaşına əbədi olaraq həkk olundu".

Qeyd edək ki, komediya ustası, xalq artisti Lütfəli Abdullayev 1914-cü il mart ayının 22-də Şəki şəhərində anadan olub. Nadir fitri istedadı, şirin səsi, incə yumoru, yapışıqlı oyun tərzi ilə tez bir zamanda məşhurlaşmış, dövrünün ən populyar teatr və kino aktyoru olub. Görkəmli aktyor 1973-cü il dekabrın 9-da Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə