ADMİU-da 31 mart soyqırımının 96-cı il dönümü ilə bağlı tədbir keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 31 mart soyqırımının 96-cı il dönümü anılıb. SİA-nın məlumaatına görə, tədbirdə universitetin rektoru, professor Timuçin Əfəndiyev, universitetin müəllim vəə tələbə heyəti, media nümayəndələri və başqaları iştirak ediblər.
Tədbiri açan universitetin rektoru, professor Timuçin Əfəndiyev soyqırımı aktını ermənilərin törətdiyi ən qanlı cinayət kimi səciyyələndirib: "Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Qarabağda, Zəngəzurda, Naxçıvanda, bir sözlə Azərbaycanın bir çox bölgəsində vaxtaşırı xalqımıza qarşı etnik təmizləmə, qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçiriblər, bu illər ərzində on minlərlə dinc azərbaycanlı əhalini - qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetiriblər. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində 1918-ci ilin qırğınlarına siyasi qiymət verilib. Hər il 31 martı Azərbaycanlıların soyqırımı günü kimi qeyd etməklə biz bir daha o tariximizi yada salır və xalqımıza qarşı törədilmiş soyqırımı qurbanlarının xatirəsini ehtiramla anırıq. Ulu öndərin başlatdığı yol bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bədnam qonşularımızın son iyirmi beş ildə ölkəmizə qarşı yürütdüyü növbəti işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi zəbt edilmiş, 20 mindən çox soydaşımız həlak olmuş, 50 mindən artıq adam yaralanmış, əlil və şikəst olmuş, bir milyondan artıq azərbaycanlı qaçqına və məcburi köçkünə çevrilib, ölkə iqtisadiyyatına on milyardlarla maddi ziyan vurulub. Tarixi abidələrlə zəngin, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji əhəmiyyətə malik olan Xocalı erməni vəhşiliyinin növbəti qurbanı olub.
Son illərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən – "Xocalıya ədalət!" Kampaniyası çərçivəsində dünyanın 100-dən çox ölkəsində tədbirlər həyata keçirilir. Azərbaycan rəhbərliyi, hökuməti və ictimai qurumlar tərəfindən bu istiqamətdə görülən işlər öz səmərəsini verməkdədir. 1918-ci ilin martında ermənilər tərəfindən Zəngəzurda 109 kənd, Qarabağda 117 kənd, Şamaxı qəzasında 53 kənd, Quba qəzasında 162 kənd dağıdılıb. 1918-ci ilin martında bir sıra Bakı kəndlərinin Məhəmmədi, Əhmədli, Balaxanı, Binəqədi, Bibiheybət, Hökməli, Zabrat, Sabunçu, Xırdalan və. s sakiniəri erməni siiahlı dəstələrinin vəhşiliklərinin qurbanı olublar".
Daha sonra çıxış edənlər də bildiriblər ki, 1918-ci ilin mart qırğınları xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli təzahürlərindən biridir. Erməni quldurları 3 gün ərzində Bakıda 12 min azərbaycanlının həyatına son qoyub, qocaları, qadınları və uşaqları amansızcasına qətlə yetirmiş, qiymətli tarixi abidələri məhv edib. Qubada, Xaçmazda, Şamaxıda, Lənkəranda, Kürdəmirdə və digər bölgələrdə də bu cür faciələr törədilib. 1918-1920-ci illərdə Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağın dağlıq və dağətəyi hissəsindən azərbaycanlıların yaşadığı 150-yə yaxın kənd xarabalığa çevrilib, 50 mindən çox soydaşımız qətlə yetirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB