“AİTF 2014” 13-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi olacaq

“AİTF 2014” 13-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi olacaq

Azərbaycan və bütün Qafqaz regionunda turizm sənayesinin böyük ixtisaslaşdırılmış tədbirlərindən biri - 13-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər ("AITF 2014") sərgisi 3 aprel tarixində Bakı Ekspo Mərkəzində start götürəcək. SİA-nın məlumatına görə, "AITF" sərgisi regionun müasir turizm bazarının ümumi mənzərəsini əks etdirməklə yanaşı, dünyanın müxtəlif bölgələrin koloriti ilə nümayiş etdirən aparıcı beynəlxalq sərgi statusunu qazanıb və artıq 13 ildir ki, turizm sənayesi nümayəndələrinin görüşü üçün beynəlxalq platforma kimi fəaliyyət göstərir. "AITF" sərgisi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir. Həmçinin, sərgiyə Ümumdünya Turizm Təşkilatı (UNWTO), Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası (İTTFA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstək göstərilir. Sözügedən sərgi Ümumdünya Sərgi Sənayesi Assosiasiyası ("UFİ") tərəfindən təqdirə layiq görülüb. Sərginin təşkilatçıları qismində "ItecaCaspian" MMC və onun Böyük Britaniyalı tərəfdaşı "ITE Groupplc" şirkətləri çıxış edirlər. "ITE Groupplc" şirkətinin tərəfdaş və agentlərindən ibarət şəbəkəsi, o cümlədən "ITE London", "EUF" (Тürkiyə), "GIMA" (Almaniya) və "ITE Gulf" (Dubay) beynəlxalq şirkətlərin Azərbaycanda keçirilən sərgilərdə iştiraka cəlb edilməsində fəal rol oynayırlar. Sərgilərin rəsmi otelləri "JW Marriott Hotel AbsheronBaku" və "Qafqaz Point Hotel" mehmanxanaları, rəsmi turoperatoru isə "GreenwichTravelClub" şirkətidir. 2014-cü ildə keçiriləcək bütün sərgilərin təhlükəsizlik üzrə rəsmi tərəfdaşı "SafeLife" şirkətidir. Sərgi iştirakçılarının 60%-dən çoxunu xarici iştirakçılar təşkil edir və onlar xüsusi olaraq Azərbaycan bazarı üçün işlənib hazırlanmış eksklüziv turizm təkliflərini təqdim edəcəklər. Sərgi iştirakçılarının 40%-i yerli şirkətlərdən ibarətdir. Sərgidə milli stendlərin fəal iştirakı ilə yanaşı Argentina, Bolqarıstan, Macarıstan, Yunanıstan, Gürcüstan, Dominikan Respublikası, Misir, Zaqreb (Xorvatiya), Hindistan, İndoneziya, İtaliya, Çin, Malayziya, Mərakeş, Sloveniya, Stavropol Vilayəti (Rusiya), Tailand, Türkiyə, Soçi (Rusiya), Fransa, Çernoqoriya və Çexiyadan 24 milli və regional qrup iştirak edəcək. Azərbaycanda keçirilən bu turizm sərgisi daimi iştirakçılarından biri, dəfələrlə "AITF" sərgisinin tərəfdaşı olmuş Bolqarıstan isə bu il sərgiyə qeydiyyat üzrə sponsor qismində çıxış edir. Sərgiyə VIP səviyyəli qonaqların gəlişi beynəlxalq peşəkar ictimaiyyət tərəfindən göstərilən marağı bir daha vurğulayır. Belə ki, bu il sərgiyə Bolqarıstan, Gürcüstan, Rusiya və Çernoqoriyadan turizm sənayesi üzrə beynəlxalq ekspertlər, Stavropol Vilayətindən, eləcə də digər ölkələrdən nümayəndə heyətləri qatılıb. "AITF 2014" sərgisinin keçiriləcəyi tarixdə turizm sənayesi üzrə mühüm tədbirin - BMT-nin Ümumdünya Turizm Təşkilatı Avropa Komissiyasının 57-ci iclası və turizm klasterlərinin səmərəli inkişafı üzrə seminarın keçirilməsi nəzərdə tutulub. Bu görüş ümumilikdə turizm sənayesi üçün əlamətdar hadisə olacaq və turizm sahəsində Azərbaycanın beynəlxalq əlaqələrinin daha da gücləndirməsinə şərait yaradacaq. İclas və seminar iştirakçıları sərgi üzrə VIP-turda iştirak edəcəklər. Bu ilki sərginin yeni ölkə və istiqamətləri Argentina, Dominikan Respublikası, Çin və Zaqreb şəhəridir. Birillik fasilədən sonra Hindistan, Yunanıstan və Malayziya, İlk dəfə isə Şri-Lanka, Keniya və Cənubi Afrika Respublikasının turizm şirkətləri sərgidə iştirak edəcək. Bu il sərgidə "Tibbi turizm" istiqamətini nümayiş etdirən iştirakçıların sayı əhəmiyyətli dərəcədə artıb. Bu turizm istiqamətinə xarici tibbi mərkəzlər, özəl və dövlət klinikaları, eləcə də Almaniya, Yunanıstan, İsrail, Kipr, Litva, Rusiya, Türkiyə və İsveçrənin diaqnostika mərkəzləri daxildir. Azərbaycan sanatoriyaları bütün dünyada məşhur olan Naftalan neftinin müalicəvi xassələrini nümayiş etdirəcək. Həmçinin, sərgidə ilk dəfə olaraq Litva (Litva Tibbi Turizm Klasteri – "LITCARE") və Türkiyənin (Türkiyə Tibbi Turizm Assosiasiyası –"THTC") tibbi turizm xidmətləri üzrə klasterlərin himayəsi altında olan şirkətlər də iştirak edəcəklər. Sərginin bu il inkişaf etdirdiyi daha bir istiqamət isə "Xaricdə daşınmaz əmlak" sektorudur. Bu sektorda iştirakçı şirkətlər yerli daşınmaz əmlak agentliklərinə Türkiyə, Kipr və Avropanın digər ölkələrinin istirahət zonalarında yaşayış yerlərinin və ofislərin satışı, icarəsi, habelə hüquqi məsləhət xidmətləri ilə bağlı əməkdaşlıq təklif edirlər. Azərbaycan regionlarının milli pavilyon çərçivəsində irimiqyaslı iştirakı sərginin maraqlı və koloritli hadisəsindən biridir. Azərbaycan üzrə turizm paketinin müxtəlifliyi istənilən turizm menyusunu zənginləşdirə bilər. Regional ekspozisiyada Azərbaycanın 22 regionu iştirak edəcək: Qəbələ, Qax, Gədəbəy, Quba, Qusar, Gəncə, Zaqatala, İsmayıllı, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Oğuz, Tovuz, Xaçmaz, Xızı, Şamaxı, Şəmkir, Şəki, Naxçıvan Muxtar Respublikası və Sumqayıt şəhərinin Turizm və mədəniyyət departamenti. Burada turizm fəaliyyətinin müxtəlif növləri, o cümlədən kənd və ekoloji turizm, salçılıq, dağ-xizək və dəniz kurortları və s. üçün imkanlar nümayiş etdiriləcək. Regional ekspozisiya çərçivəsində 60-ya yaxın otel iştirak edəcək (bu otellərin bir neçəsi qlobal mehmanxana şəbəkələrinə daxildir). Bundan əlavə, Azərbaycan Turizm Assosiasiyası öz stendində Azərbaycanın aparıcı otellərini və turizm agentliklərini bir araya gətirəcək. Sərgi çərçivəsində iştirakçıların stendlərində təqdimat və seminarların keçirilməsi, habelə müxtəlif lotereya və putyovkaların oynanılması planlaşdırılıb. Sərgi ilk iki iş günü ərzində yalnız turizm sənayesinin mütəxəssisləri üçün açıq olacaq və bu mütəxəssislər sərgi meydançasından danışıqların aparılması, tərəfdaş axtarışı, bazarda imicin gücləndirilməsi və digər həmkarların yeniliklərinin qiymətləndirilməsi üçün işgüzar platforma kimi istifadə edə biləcəklər. Aprel ayının 5-də isə sərgiyə giriş fərdi şəxslər üçün açıq olacaq. Ziyarətçilərin müraciətini nəzərə alaraq, sərginin sonuncu iş günü şənbə gününə keçirilmişdir ki, burada da istirahət üçün gözəl ideyalarla tanış olmaq mümkün olacaq. "AITF" sərgisi ilə eyni zamanda regionda otel və restoran sənayesinin yeganə ixtisaslaşdırılmış tədbiri -8-ci Qafqaz Beynəlxalq "Otel, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar" ("Horex Caucasus 2014") sərgisi keçiriləcək.
"AITF" və "HorexCaucasus" sərgiləri ilə bağlı ən son xəbərlər operativ olaraq sərgi saytlarında və sosial şəbəkələrdə yerləşdiriləcək. Həmçinin, bu sərgilərdə iştirak edən şirkətlər barədə rəsmi kataloq çap olunub və sərginin rəsmi qəzetinin ("DailyNews. AITF 2014") buraxılışı planlaşdırılıb. Bu qəzetdə sərgi iştirakçıları və tədbirlər barədə məlumatlar çap olunacaq. Bundan əlavə, sərgi ziyarətçilərinin rahatlığı üçün "N. Nərimanov" metro stansiyasından Bakı Ekspo Mərkəzinə və geriyə pulsuz avtobuslar təşkil edilib. Təşkilatçılar http://aitf.az/2014/?p=visitors_fast_register internet səhifəsində fəaliyyət göstərən elektron xidmət – "onlayn" qeydiyyatdan fəal şəkildə yararlanmağı tövsiyə edir. Belə ki, cəmi bir neçə dəqiqə çəkən bu prosedur Bakı Ekspo Mərkəzində qeydiyyat zamanı sərf olunan vaxta xeyli qənaət etməyə imkan yaradacaq. Beləliklə, sərgi geniş turizm imkanları ilə tanışlıq üçün 3-4 aprel tarixində turizm sənayesinin peşəkarları, 5 aprel tarixində isə bütün səyahət həvəskarları üçün açıq olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə