Bakıda Azərbaycan və Çin arasındakı mədəni əlaqələr müzakirə edilib FOTOLAR

Bakıda Azərbaycan və Çin arasındakı mədəni əlaqələr müzakirə edilib FOTOLAR

Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) Çin dili və mədəniyyəti mərkəzində "Azərbaycan və Çin təsviri incəsənəti: mədəni modellərin sintezi" adlı bədii tədbir keçirilib. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov Azərbaycan və Çin arasındakı mədəni əlaqələrin tarixindən danışıb, hər iki ölkənin tanınmış rəssamlarının qarşılıqlı sərgilərinin təşkil olunduğunu bildirib. O, nümayiş olunan şəkillərdə Shanshui ("Dağlar və Su") janrında çəkilmiş Çin mənzərə rəsmləri və Azərbaycanın müasir milli təsviri incəsənətinin banisi Hüseyn Əliyevin yaradıcılığında əsas yer tutan dağlar, ağaclar, çayların təsviri tematikasını müqayisə edərək hər iki əsərlərdə dərin fəlsəfi düşüncələrin əks olunduğunu söyləyib.

Azərbaycanın bədii yaradıcılığı, incəsənəti və mifologiyasında xüsusi yer tutan "əjdaha" naxışları ilə işlənib XVI-XVIII əsrlərin özünəməxsus Azərbaycan xalçalarının yaranma tarixindən danışan Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olan Azərbaycan xalçalarının kompozisiya və koloritli xüsusiyyətlərindən danışıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi Cəmilə Həsənzadə məruzəsində öz tədqiqatlarının nəticəsi olaraq Çin rəsm əsərlərinin üsullarından geniş istifadə edən Təbriz miniatür məktəbinin görkəmli rəssamlarının yaradıcılığından bəhs edib.

Tədbirdə çıxış edən "Azərmarka" şirkətinin rəssam-dizayneri Xasay Mirzəyev şirkət tərəfindən istehsal olunan Çin tematikasına həsr olunan poçt markalarından danışıb. ADU-nun Regionşünalsıq və Beynalxalq Münasibətlər fakültəsinin Çinsünaslıq ixtisasının müəllimləri və həmin ixtisasda təhsil alan tələbələr Çin rəsm tarixindən və onun əsas janrları və üslubları "Gohua" və "U-sin", o cümlədən məhşur Çin heykəltəraşlıq işləri, Pekində Nizami Gəncəvinin abidəsinin müəllifi - Yuan Sikun haqqında məruzə ediblər. Tədbir çərçivəsində ADU-nun Regionşünaslıq və Beynalxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasının tələbəsi Ayan Kərimovanın rəsm işlərindən ibarət sərgi keçirilib.

Sonda Çin dili və mədəniyyət mərkəzinin direktoru, dosent Rafiq Abbasov ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin dili və mədəniyyəti mərkəzi tərəfindən hazırlanan"İlham Əliyev - qədim xalqlar dostluğunun müasir davamçısı" adlı kitabı qonaqlara hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə