Xalq artistinin yubileyi keçiriləcək

Xalq artistinin yubileyi keçiriləcək

Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Prezident Təqaüdçüsü, xalq artisti Tariyel Qasımovun 75 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. SİA-nın məlumatına görə, tədbirdə bir sıra mədəniyyət və incəsənət xadimlərinin iştirak edərək Tariyel Qasımovun yaradıcılığı, yüksək insani keyfiyyətləri haqqında fikirlərini bölüşəcəklər. Mərasim iştirakçılarına yubilyarın rol aldığı filmlərdən fraqmentlər nümayiş etdiriləcək.

Nəzərinizə çatdıraq ki, 4 fevral 1939-cu ildə Ağstafa rayonun Köçəsgər kəndində anadan olan Tariyel Qasımov 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun "dram və kino aktyorluğu" fakültəsini bitirib. 1964-cü il oktyabr ayının 1-dən (müəyyən fasilələrlə) Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. Onun ifa etdiyi Cəlal, Bəxtiyar ("Komsomol poeması", İskəndər Coşğun), Söhrab ("Söhrab və Rüstəm", İskəndər Coşğun), Zaur ("Yadındamı", Altay Məmmədov), Pərviz ("Sən nə üçün yaşayırsan", İmran Qasımov, Həsən Seyidbəyli), Kazım ("Məhəbbət novellası", Şamil Xurşud, Əşrəf Hacıyev), Məşədi Əzizbəyov ("26 Bakı komissarı", İskəndər Coşğun), Polkovnik ("Kiçik torpaqda üç gün", Şamil Xurşud), Zərbəliyev Səbzəli ("Məhəbbət, şeytan və lambada", Marat Haqverdiyev), Salahov ("Sevirdim, çox sevirdim", Hidayət), Qədim ("Büllür sarayda", İlyas Əfəndiyev), Həsənzadə ("Sən həmişə mənimləsən", İlyas Əfəndiyev), Nihad ("Pələng ili", Firuz Mustafa) və digər bir-birindən maraqlı rollar istedadlı aktyorun rəngarəng obrazlar qalereyasını yaradıb.

Teatrın foyesində aktyorun ifa etdiyi tamaşalar və filmlərdən ibarət fotosərgi nümayiş etdiriləcək.

Qeyd edək ki, yubiley gecəsi 1 aprel, saat 19:00-da Gənc Tamaşaçılar Teatrında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə