Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilən IX konqresində qəbul edilmiş qərara əsasən, hər il martın 27-si Beynəlxalq Teatr Günü kimi qeyd olunur. SİA-nın məlumatına görə, milli teatrının yaranma tarixi 1873-cü ildən başlanan Azərbaycanda da Beynəlxalq Teatr Günü münasibətilə silsilə tədbirlər keçirilir.
Azərbaycan teatr sənətinin çox qədim və zəngin tarixi vardır. XIX əsrin ikinci yarısından başlayaraq ölkəmizdə cərəyan edən ictimai-siyasi hadisələr maarifçilik hərəkatının inkişafına güclü təkan verib. Həmin dövr Azərbaycan teatrı üçün də əlamətdar olub. Dahi mütəfəkkir Mirzə Fətəli Axundzadə tərəfindən ədəbiyyatımıza dram janrının gətirilməsi xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynayıb.
Böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin "Lənkəran xanının vəziri" və "Hacı Qara" komediyalarının tamaşaları ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində dünyəvi, peşəkar teatrın təməli qoyulub.
Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrı son illər ərzində daha da möhkəmlənərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün ölkəmizdə 27 dövlət teatrı fəaliyyət göstərir. Bu teatrlarda 1000-ə yaxın aktyor çalışır.
Ölkə rəhbərliyi bütün sahələrdə olduğu kimi, teatr sənətinin də inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. Teatr binalarının əsaslı təmiri, incəsənət ustalarının sosial-rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı" bu gün uğurla həyata keçirilir.
Proqram çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Azərbaycan Dövlət Musiqili, Mingəçevir, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb.
Ötən illər ərzində respublika teatrları dünyanın 20-dən artıq ölkəsində, o cümlədən ABŞ, Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna, Türkmənistan, Tacikistan, Başqırdıstan, İsveçrə, Moldova, Serbiyada keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil ediblər. Ötən dövr ərzində Azərbaycana xarici ölkələrdən 10-dan çox teatr kollektivi qastrol səfərinə gəlib. Eyni zamanda, xarici dövlətlərdən 30 nəfər tanınmış rejissor, baletmeyster xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün Azərbaycana dəvət olunub.
Bu gün ömrünün 142-ci baharını yaşayan Azərbaycan teatrı qarşıdakı illərdə biri-birindən maraqlı səhnə əsərləri ilə daha böyük tamaşaçı alqışı qazanacaq və ölkə mədəniyyətinin inkişafına böyük töhfələr verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB